Yapon şirkəti BANM-in tələbəsinin layihəsini alıb

Yapon şirkəti BANM-in tələbəsinin layihəsini alıb Layihə əsasında yapon şirkətinin köməyi ilə BANM-in yeni kampusunda günəş panelləri qurulub
Elm və təhsil
22 Fevral , 2017 10:51
Yapon şirkəti BANM-in tələbəsinin layihəsini alıb

Bakı. 22 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Şamil Ömərovun “Günəş panellərinin iki ox ətrafında avtomatik idarə olunması” layihəsinin təqdimatı keçirilib.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) Özbəkistan ofisinin baş nümayəndəsi Katsutoshi Fushimi, Azərbaycan üzrə JICA proqram kordinatoru Nigar İsmaylova, Özbəkistan üzrə JICA proqram kordinatoru Farhod Kurbonov, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) texniki tənzimləmə şöbəsinin müdiri Sənan Abbasov, texniki tənzimləmə şöbəsinin böyük məsləhətçisi Cahid Mikayılov, “Azalternativenerji" MMC-nin mütəxəssisi Emin Nuriyev və Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Öncə Şamil Ömərovun layihəsi əsasında yapon şirkətinin köməyi ilə BANM-in yeni kampusunda qurulan günəş panellərinin videoçarxı nümayiş etdirilib. Sonra Ş.Ömərov layihəsi haqqında tədbir iştirakçılarına məlumat verib.

Rektor E.Qasımov BANM-in tələbəsinin layihəsinin reallaşmasını çox mühüm bir hadisə kimi xarakterizə edib. BANM-in tələbəsinin layihəsinin yaponların marağını qazanmasından məmnun olduğunu deyən E.Qasımov Şamil Ömərovun nailiyyətinin digər tələbələr üçün nümunə olacağını vurğulayıb. Sözügedən layihə haqqında məlumat verən rektor Azərbaycanda alternativ enerjinin inkişafı istiqamətində son illərdə atılan addımlardan söz açaraq bildirib ki, Ali Məktəbdə bu istiqamətdə bir sıra vacib işlər görülüb. O, BANM-də Bərpaolunan enerji mənbələri üzrə təlim və tədris mərkəzinin yaradıldığını da diqqətə çatdırıb. Azərbaycanın alternativ enerji mənbələrinə, xüsusən də günəş enerjisi potensialına görə olduqca zəngin olduğunu deyən E.Qasımov ekoloji və iqtisadi cəhətdən əlverişli olan günəş enerjisinin Azərbaycanda istifadəsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. “Çünki alternativ enerji qeyri-ənənəvi enerji mənbələrinin axtarışı və istifadəsinə əsaslanır. O, bərpa olunan ehtiyatlardan yararlanır, təbiətə ziyan vurmur, iqtisadi cəhətdən əlverişlidir” - deyə E.Qasımov qeyd edib.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) Özbəkistan ofisinin baş nümayəndəsi Katsutoshi Fushimi bildirib ki, daha mükəmməl texnologiyaları tətbiq etməyin vaxtıdır və ənənəvi energetika yerini tədricən alternativ energy növlərinə verməkdədir: “Bu gün dünyanın yararlandığı və ölkəyə gətirilən alternativ enerji texnologiyaları tədricən genişlənməkdədir. Bunlardan ən əhəmiyyətlisi Günəş energisidir”.

Qeyd edək ki, 2016-cı ildə layihənin ideya müəllifi BANM-in 4-cü kurs tələbəsi Şamil Ömərov ATV telekanalında yayımlanan “İdeya qazandı” verilişində “Günəş panellərinin iki ox ətrafında avtomatik idarə edilməsi” mövzusunda layihə ilə çıxış edib. O, layihədə təqdim edilən qurğunun kiçik modelini nümayiş etdirib və real qurğunun yaradılması üçün maliyyə vəsaitinin ehtiyac olduğunu bildirib. Onun təqdim etdiyi layihəyə əsasən günəş panelləri vəziyyəti elə tənzimlənir ki, onlar avtomatik olaraq günəşə doğru istiqamətlənir və bununla enerji istehsalının 30% artımına nail olmaq mümkün olur. Bu layihə investorlar tərəfindən bəyənilmiş və onun reallaşdırılması üçün 4165 manat dəyərində maliyyə vəsaiti ayrılıb. Daha sonra Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi BANM-in tələbəsinin layihəsini beynəlxalq müsabiqəyə göndərib. Bu layihə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən qrant alıb.

Son xəbərlər

Orphus sistemi