BANM-in tələbələri Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalat təcrübəsinə başlayıblar

BANM-in tələbələri Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalat təcrübəsinə başlayıblar 53 tələbə zavodda istehsalat təcrübəsi keçəcək
Elm və təhsil
8 İyul , 2015 11:01
BANM-in tələbələri Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalat təcrübəsinə başlayıblar

Bakı. 8 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi" ixtisası üzrə II və III kurs tələbələri yay istehsalat təcrübəsi müddətində Heydər Əliyev adına Neft Emalı Zavodunda olacaqlar. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, bu zavodda BANM-in 53 tələbəsi istehsalat təcrübəsi keçəcək, 25 nəfər III kurs tələbəsi isə 2 ay müddətində ödənişli əsaslarla sözügedən müəssisədə təcrübə keçəcək. 

Bununla bağlı keçirilən tədbirdə rektor Elmar Qasımovun rəhbərlik etdiyi heyətlə birgə BANM-in tələbələri də iştirak ediblər.

Tədbirdə Heydər Əliyev adına Neft Emalı Zavodunun tarixindən bəhs edən qısa film nümayiş olunub.

Daha sonra çıxış edən zavodun baş direktoru Elman İsmayılov bu təcrübənin gələcəkdə peşəkar mühəndis kadrlar kimi yetişməkdə tələbələr üçün böyük rolu olacağını bildirib. O, neftçi peşəsinin vacibliyindən danışaraq bu peşənin şərəfli bir sahə olduğunu deyib. 

Rektor Elmar Qasımov isə Azərbaycanın yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisə olan Heydər Əliyev adına Neft Emalı Zavodunun ölkə sənayesinin tarixində böyük rolu olduğunu deyib. O, Ulu öndər Heydər Əliyevin bu zavodun quruculuq işlərində əvəzsiz xidmətlərini xatırladıb. Eyni zamanda, bu zavodun SOCAR üçün əhəmiyyətli bir müəssisə olduğunu bildirib. 

E.Qasımov deyib ki, tələbələr əldə etdikləri nəzəri bilikləri burada təcrübədə tətbiq edə biləcəklər. O, tələbələrin bu zavodda təcrübə zamanı öyrəndikləri biliklərin gələcəkdə onların yüksək səviyyəli mütəxəssis kimi formalaşmasına böyük təkan verəcəyini vurğulayıb.