Bakı Ali Neft Məktəbinin layihəsi Elmin İnkişafı Fondu tərəfindən elan olunan “Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsinin qalibi olub. Ali Məktəbin Neft-qaz mühəndisliyi kafedrasının dosenti Nərminə Qarayevanın müəllifi olduğu “Birləşmiş Millətlər Təşkilatının Çərçivə Təsnifatının (UNFC) Azərbaycanda karbohidrogen ehtiyyatlarına tətbiqinin dəyərləndirilməsi” layihəsi qrant müsabiqəsi üzrə 9 qalib layihədən biri seçilib.
BANM-dən "Report"a verilən məlumata görə, layihənin elmi ideyası Azərbaycanda karbohidrogen ehtiyyatlarına daim qlobal, ümumi prinsiplərə əsasən təsnifat sisteminin tətbiqi və 1984-cü ildən tətbiq olunan mövcud köhnə sistemlə yeni işlənmiş sistemlər arasında müqayisənin aparılmasıdır.
5 layihə fizika-riyaziyyat və texnika elmləri üzrə, 1 layihə kimya elmləri üzrə, 1 layihə yer haqqında elmlər üzrə və 2 layihə biologiya, tibb və aqrar elmləri üzrə qalib olub. Qalib layihə rəhbərlərindən 1-i qadındır ki, o da BANM-in dosenti Nərminə Qarayevadır.
Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilib.
Müsabiqə çərçivəsində fundamental və tətbiqi xarakterli və 300 000 manatadək maliyyə həcmli layihələrin maliyyələşdirilməsi nəzərdə tutulub.
Qalib layihələr 2021-ci ildən başlayaraq maliyyələşdiriləcəkdir.
Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi- tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi qaydada iştirak ediblər.