Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu il qəbul imtahanlarında 700 bal toplayan Sona Mehdizadə Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.
"Report" həmin müsahibəni təqdim edir:
- Sona özünüz haqda bir az danışın.
- Mən Sona Mehdizadə, 26 noyabr 2000-ci ildə Bakı şəhərində anadan olmuşam. 2007-ci ildə 56 saylı orta məktəbin birinci sinfinə daxil olmuşam və orada ibtidai təhsilimi tamamlayıb, 2011-ci ildən 147 saylı texniki-humanitar liseydə təhsilimi davam etdirmişəm. 2018-ci ildə 58 saylı orta məktəbdən qızıl medalla məzun olmuşam və bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən yay qəbul imtahanında 700 bal toplamışam. Mən həmçinin 2007-2014-cü illərdə Səid Rüstəmov adına 13 saylı musiqi məktəbində fortepiano üzrə təhsil almışam.
- Sizcə, qəbul imtahanında qazandığınız bu uğurunuzda ən çox kimin əziyyəti var?
- Əlbəttə ki, öncə ailəmin. Mənə hər zaman dəstək olduqları və məni hər zaman ruhlandırdıqları üçün onlara hər zaman minnətdaram. Sonra isə 58 və 147 saylı məktəblərin müdiriyyəti başda olmaqla bütün müəllimlərimə və son 2 il ərzində mənim üzərimdə çox əziyyətləri olan hazırlıq müəllimlərimə təşəkkür edirəm. Bu uğurda hər birinin payı var.
- Niyə I qrupa üstünlük vermisiz?
- Məktəbdə aşağı siniflərdən texniki fənlərə marağım daha çox olub. Riyaziyyat, fizika və kimya sevimli fənlərim idi.
- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?
- Pianoda ifa etməyi, bədii kitablar oxumağı, təmiz havada gəzməyi və idmanla məşğul olmağı sevirəm.
- Bəs ali məktəblər arasında niyə məhz BANM-ı seçdiz?
- Mən 9-cu sinifdən universitetlər haqqında maraqlanmağa başladım. Bir çox tələbələrdən və müəllimlərdən məsləhət alırdım. Qəbul zamanı isə özüm qərar verdim ki, mən BANM-da təhsil alacam. Fikirləşirəm ki, BANM Azərbaycanda mühəndislik sahəsində olan universitetlərdən ən yaxşısıdır.
- BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?
- Mən BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçdim.
- Bu seçiminizi özünüz etmisiz, yoxsa valideynlər, yaxınlar məsləhət görüb?
- Seçimi özüm etmişəm. Valideynlərim uşaqlıqdan sərbəst seçimlər etməkdə mənə dəstək olublar.
- Sizcə mühəndislik peşəsi xanım üçün çətin olmaz ki?
- Əslində heç bir ixtisasda cinsi ayrı-seçkilik etmək olmaz. Hər il mühəndislik sahəsini seçən xanımların sayının artır. Bu onu göstərir ki, BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib. Məncə gələcəkdə bu sahədə heç bir bir ayrı-seçkilik qalmayacaq.
- Hansı xüsusiyyətiniz sizi digərlərindən fərqləndirə bilər?
- Hər şeyi mükəmməl etməyə çalışmağım digər insanlardan fərqləndirə bilər. Ya bir işi mükəmməl etməliyəm, ya da etməməliyəm deyə fikirləşirəm. Təbii ki, hər şey mükəmməl ola bilməz, insan bəzən uğursuzluqlar da yaşayır. Sadəcə çalışmalısan ki bu uğursuzluqlardan dərs alıb bir daha eyni səhvi təkrarlamayasan.
- Sizcə müasir dövrdə parlaq gələcəyi olan ixtisaslar hansılardır?
- Mən düşünürəm ki, kompüter elmləri, informasiya texnologiyaları və avtomatika ixtisaslarının gələcəyinin parlaq olduğunu fikirləşirəm.
- Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə görmək istəyirsiz?
- Gələcək haqqında fikirləşməyi sevmirəm. Düzdür, insan planlar quranda işin yarısını etmiş olur artıq, amma mənə görə bu gün, bu an daha önəmlidi. Gələcəkdə isə nə olacağını yaşayıb görəcəyik.
- Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?
- İlk öncə qarşısına doğru məqsəd qoymalıdır, bu məqsədə gedən doğru yolu tapmalıdır və var gücüylə çalışmalıdır.
- Nailiyyətlər insanın özünə yoxsa şansa daha çox bağlıdır?
- Şansın insan həyatında rolu danılmazdır. Amma ilk öncə məqsədə doğru əlindən gələni etmək, sonra şansa buraxmaq lazımdır.
- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?
- Məsləhətim odur ki, ixtisas seçimini qəbul imtahanından sonra etməsinlər. Əvvəlcədən ixtisas haqqında fikirləşib qərar versinlər. Əgər bir insan qarşısına məqsəd qoysa daha əzmlə çalışar. Bir də, dərsə olduğu qədər istirahətə də vaxt ayırsınlar. Özlərini dünyadan təcrid edib yalnız dərslə məşğul olmasınlar.