BANM-in 700 bal toplamış tələbəsi: “Mən bu gün doğru yerdə, doğru əllərdəyəm”

BANM-in 700 bal toplamış tələbəsi: “Mən bu gün doğru yerdə, doğru əllərdəyəm” Bakı. 28 noyabr. REPORT.AZ/ Qabil Əliyev 2000-ci ildə Bakı şəhərində anadan olub. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini əla qiymətlərlə bitirib. Dövlət İmtahan Mərkəzinin 2016-2017-ci tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olunub. Report Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən Qabil Əliyevin müsahibəsini təqdim edir.
Elm və təhsil
28 Noyabr , 2017 12:43
BANM-in 700 bal toplamış tələbəsi: “Mən bu gün doğru yerdə, doğru əllərdəyəm”
BANM

Bakı. 28 noyabr. REPORT.AZ/ Qabil Əliyev 2000-ci ildə Bakı şəhərində anadan olub. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini əla qiymətlərlə bitirib. Dövlət İmtahan Mərkəzinin 2016-2017-ci tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olunub. "Report" Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən Qabil Əliyevin müsahibəsini təqdim edir.

- Əvvəlcə özün haqqında qısaca məlumat verərdin...

- Ailəm 5 nəfərdən ibarətdir. Atam kimya mühəndisi, anam filoloq, qardaşım məktəbli, böyük bacım isə tələbədir. Bacım iki il əvvəl qəbul imtahanında yüksək nəticə göstərərək 662 balla hüquq fakültəsinə daxil olub. Məktəbdə həmişə yüksək nəticələr göstərmişəm. Məsələn, 11-ci sinifdə respublika fənn olimpiadasında kimya fənni üzrə 3-cü yerə çıxaraq bürünc medala layiq görülmüşəm, orta məktəbi qızıl medalla bitirmişəm. Həmin dövr üçün onlar fəxr etdiyim ən böyük uğurlar idi. İndiki dövrdə isə qəbul imtahanında doğmalarımın gözləntilərini doğruldub 700 bal toplamağım və Prezident təqaüdünə layiq görülməyimi ən böyük nailiyyət hesab edirəm.

- Qabil, 700 balla üzünə bütün ali məktəblərin qapısının açıq olduğunu bilirdin. Bəs sən niyə məhz Bakı Ali Neft Məktəbini seçdin?

- Düzü, seçimim təsadüfi olmadı. Bir çox araşdırmalardan sonra ailəm də, mən də BANM-in üstündə durduq. BANM yüksək səviyyədə təhsil verməklə yanaşı, hərtərəfli kadr yetişdirir. Tələbənin sosial inkişafı və gələcək karyera imkanları üçün hər cür şərait yaradır.

- Ümumiyyətlə, bir tələbə məqsədinə nail ola bilmək üçün nə etməlidir?

- Fikrimcə, ən önəmlisi nizam-intizamdır. 11 illik materialı bir ilə oxuyub yüksək nəticə gözləmək absurddur. Aşağı siniflərdən sistemli şəkildə oxumaq lazımdır ki, yuxarı siniflərdə də materialı tam qavraya biləsən. Həmçinin məqsəd uğrunda çox çalışmaq lazımdır, hər uğurun arxasında böyük əziyyət durur. Lakin günün müəyyən hissəsi istirahətə də ayrılmalıdır, əks halda yorğunluq imtahanda diqqətsizliyə gətirib çıxara bilər.

- Səni həyatda ən çox motivasiya edən nədir?

- Ailəmin, dostlarımın dəstəyi, inamı, maksimal bal yığacağıma ruhlandırmaları mənim üçün imtahana hazırlaşdığım dövrdə daim motivasiya olub. Birinci qəbul imtahanında diqqətsizlik üzündən 680 bal yığsam da, ikinci imtahanda mənə lazım olan 700 balı yığıb doğmalarıma qürur hissi yaşatmağa nail oldum və bu hazırda daha böyük məqsədlər uğrunda çalışmağım üçün mənə motivasiya verir.

- Qabil, bu müsahibəni oxuyan və seçim qarşısında olan abituriyentlərə nə məsləhət verərdin?

- Onlara deyərdim ki, seçəcəkləri ali məktəbi və ixtisası yaxşı araşdırsınlar, yuxarı kursların və məzunların fikirlərini mütləq alsınlar. Bundan başqa, seçimi başqasının öhdəsinə buraxmamaq, lazımi ixtisas və həmin ixtisas üzrə hərtərəfli kadr yetişdirən ali təhsil ocağı seçmək lazımdır. Çünki çox vaxt ali məktəblər tələbələrin və onların gələcəyinə ümid bəsləyən valideynlərin ümidlərini doğrulda bilmir. Bu nöqteyi-nəzərdən çox sevinirəm ki, mən bu gün doğru yerdə, doğru əllərdəyəm. 

Son xəbərlər

Orphus sistemi