Bakı. 23 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Çinin ən böyük transmilli şirkətlərindən olan “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirilib.
Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə BANM-ın rektoru Elmar Qasımov, “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Lu Kanlin, şirkətin proqramlar üzrə menecerləri - Eldar Cəbrayılov və Tao Ziven, Ali Məktəbin tələbləri və məsul əməkdaşları iştirak ediblər.
E.Qasımov çoxlu sayda transmilli şirkətlərlə əməkdaşlıq edən BANM-ın partnyorları sırasına “Huawei” şirkətinin də qoşulmasından çox məmnun olduğunu bildirib. Rektor qeyd edib ki, gələcək nəsli İT baxımından daha mükəmməl yetişdirmək məqsədilə biliklərini daim paylaşan “Huawei” şirkətinin BANM-ın Proseslərin avtomatlaşdırılması kafedrası və bu ixtisasda təhsil alan tələbələrilə çalışması onun sosial iş prinsiplərilə üst-üstə düşür.
“Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Lu Kanlin avtomatika sahəsində güclü mütəxəssislər hazırlayan BANM ilə təmsil etdiyi şirkətin əməkdaşlığını yüksək qiymətləndirdiyini və bu əməkdaşlıq üçün lazımi dəstək göstərilməsinə hazır olduğunu qeyd edib.
Daha sonra şirkətin proqramlar üzrə meneceri Tao Ziven Ali Məktəbin tələbələrinə şirkətin tarixi, onun fəaliyyət sahələri, korporativ dəyərləri, iş prinsipləri haqqında təqdimat edib, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Görüşdə həmçinin BANM ilə “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi BANM-da yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsini təmin etməkdir.
Memorandumun şərtlərinə əsasən, tərəflər Ali Məktəbin tələbələrinin şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirakı, şirkətin xaricdən Azərbaycana gələn mütəxəssislərinin BANM-ın tələbələri üçün mühazirələr oxumasının təşkil olunması, tədris prosesində istifadə üçün Ali Məktəbin proqram təminatı ilə təchiz edilməsi, BANM məzunları üçün şirkətin müvafiq tələb və şərtləri çərçivəsində karyera imkanlarının yaradılması istiqamətlərində əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, “Huawei” şirkəti telekommunikasiya avadanlığı, elektronika, süni intellekt və texnologiyalara əsaslanan xidmət və məhsulların istehsalında ixtisaslaşan Çinin transmilli özəl şirkətidir. Hazırda şirkətdə 180,000-dən artıq işçi çalışır, onlardan 76,000-i tədqiqat və inkişaf sahəsində fəaliyyət göstərir. “Huawei” dünyanın 170 ölkəsində öz məhsullarını istehsal edir, 1500-dən artıq şəbəkə yaradaraq dünya əhalisinin 1/3-nə xidmət edir.