Bakı. 24 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə “Report”a Ali Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
BANM-in rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı soyqırımı XX əsrin insanlığa qarşı törədilən ən qəddar və dəhşətli cinayətidir: "Ümummilli liderimiz Heydər Əliyevin təşəbüssü ilə Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıblar. Bu gün eyni siyasət Prezident İlham Əliyev tərəfindən həyata keçirilir".
BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev Xocalı soyqırımının tarixi aspektləri haqqında danışıb, bu qanlı hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildirib: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhəri işğal edildi. Mühasirəyə alınan şəhər yandırıldı. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb".
Bundan sonra BANM-in Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Şəmsi Musayev “Xocalı tarixi və soyqırımın səbəbləri” mövzusunda, Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Fuad Əlizadə isə “Xocalı soyqırımının baş verməsi və nəticələri” mövzusunda çıxış ediblər. Onlar gəncləri əl-ələ verib bu faciəni törətmiş şəxslərin ədalət qarşısında cavab verməsi üçün çalışmağa və bununla bağlı həqiqətləri yaymaqda fəal olmağa səsləyiblər.
Daha sonra Kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Nazpəri İsfəndiyarzadə və Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Qurban Həsənovun ifasında Xocalı soyqırımına həsr olunmuş şerlər səsləndirilib və BANM-in tələbələri tərəfindən ingilis dilində hazırlanan və Xocalı soyqırımına həsr olunmuş maraqlı və təsirli sosial videoçarx nümayiş etdirilib.