Bakı Ali Neft Məktəbi (BANM) bu il “Məzun Günü” tədbirini virtual formada keçirəcək.
Ali Məktəbdən "Report"a verilən məlumata görə, tədbir 28 iyul tarixində saat 17:00-da Ali Məktəbin sosial şəbəkələrdəki (“Facebook”, “Youtube” və “Instagram”) səhifələrində yayımlanacaq.
Bu il Məzun Günü tədbiri ənənəvi formatdan fərqlənsə də, proqram və kompozisiya cəhətdən zəngin tərtib olunub. Tədbirin aparıcısı qismində məşhur aparıcı Leyla Quliyeva çıxış edəcək.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, BANM-in akademik partnyoru olan Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru Riçard Viliyam məzunları təbrik edəcəklər. Valideynlər adından “İlin tələbəsi” Cavid Məmmədlinin anası çıxış edəcək.
Tədbirdə BANM-in ötən ilki məzunlarının dünyanın müxtəlif universitetlərindən və transmilli şirkətlərdən builki məzunlara göndərdiyi təbrik videosu nümayiş olunacaq. Eyni zamanda, bu il təhsildə fərqlənən məzunlar da öz ürək sözlərini bölüşəcəklər.
Tədbirin bədii hissəsində musiqi nömrələri, rəqslər, təqdimatlar, əvvəlki Məzun Günlərindən maraqlı fraqmentlər nümayiş olunacaq.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılıb. Məktəb Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında, ingilis dilində təhsil almış yüksəkixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib.