Bakıda təşkil olunan Təhsilin İnkişafı Forumu çərçivəsində "Tədqiqatdan inkişafa gedən yol" mövzusunda panel müzakirə keçirilib.
"Report" xəbər verir ki, paneldən öncə Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlu məruzə ilə çıxış edib.
O, ali təhsil müəssisələrinin müasir tələblərə cavab verməli olduğunu bildirib: "Bu bütün dünya universitetlərinə aiddir. Ancaq bu şəkildə qlobal inkişafa ayaq uydura və innovativ eko-sistemin dayanaqlı parçası ola bilərik".
Daha sonra Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun moderatorluğu ilə keçirilən paneldə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edib. O qeyd edib ki, ali təhsil müəssisələrində müxtəlif laboratoriya və tədqiqat mərkəzləri formalaşdırılıb: "Bu, infrastruktur layihələrinin miqyasının genişləndirilməsini nəzərdə tutur".
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ali məktəbi bitirən şəxslərin işlə təminatı məsələsinə toxunub. O, BANM məzunlarının bu məsələdə problem yaşamadığını vurğulayıb:
"BANM tələbələri 4-5-ci kursda artıq işləyirlər. Çünki təhsillə təcrübəni paralel şəkildə idarə edə bilirlər. Türkiyənin böyük universitetləri ilə rəqabətdə Bakı Ali Neft Məktəbi irəlidədir. Məsələn, bu yaxınlarda keçirilən "Texnofest" texnologiya festivalında birinci və ikinci yerin qalibləri bizim tələbələrimiz oldu. Bu göstərici təkcə "Texnofest"ə aid deyil. BANM tələbələri qatıldığı startap yarışlarında, beynəlxalq tədbirlərdə, yüksək əhəmiyyətli festivallarda mütləq ilk yerləri tuturlar".
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli isə bildirib ki, Azərbaycanda hazırlanan bütün elmi tədqiqatların 3,7 %-i sənaye-elm əməkdaşlığına həsr olunur: "Bu, dünyanın hətta inkişaf etmiş dövlətlərindən biri olan Çinlə müqayisədə yüksək rəqəmdir. Azərbaycan dövləti ali təhsilə ən az müdaxilə edən dövlət hesab olunur. Amma dövlətin burda xüsusi rolu odur ki, ali təhsil müəssisələrini təşviq etsin. Gələn ildən başlayaraq həm bakalavr, həm magistr proqramlarının tamamilə yenilənməsini düşünürük".
"Kapital Bank" ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadənin fikrincə, böyük müştəri bazasına malik olan bankların təhsillə bağlı layihələrə dəstəyi çox önəmlidir. O, ali təhsil müəssisələrinə çağırış edərək, öz tələbələrinin inkişafı üçün müxtəlif addımlar atmağa səsləyib. Qeyd edib ki, seçilmiş uğurlu layihələrin maliyyələşdirilməsinə özəl sektor da dəstək ola bilər.
Panel çərçivəsində “Beynəlxalq reytinqlərdə universitetlərin mövqeyini artırmaq üçün strateji əməkdaşlıqlar”, “Tədqiqat və inkişafda universitet-sənaye tərəfdaşlığının əhəmiyyəti”, “Universitet-sənaye tərəfdaşlığının perspektivləri”, “İnnovasiya və tədqiqat mərkəzlərinin yaradılması və dəstəklənməsi”, “İnnovativ tədqiqatların sənaye ilə inteqrasiyası və kommersiyalaşdırılması” mövzuları ətrafında müzakirələr aparılıb.
Panel sual-cavabla davam edib.