Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün Bakı şəhərindəki Tahir Həsənov adına 23 saylı tam orta məktəbdə "Mütaliə mədəniyyətinin və oxuya motivasiyasının yüksəldilməsi" layihəsinin təqdimatı keçirilib. "Report" xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, yazıçılar, Bakı və Sumqayıt şəhərlərinin ümumi təhsil məktəblərinin direktorları iştirak edib.
Çıxış edən məktəbin direktoru Yuliya Kərimova layihə barədə məlumat verib. Təqdimatda təhsilalanlarda mütaliə mədəniyyətinin və oxuya marağın artırılmasının əhəmiyyəti vurğulanıb.
Sonra müxtəlif yaş qruplarında təhsil alan şagirdlərdən təşkil olunan klubların üzvləri mütaliə etdikləri kitabları müzakirə ediblər.
Təhsil naziri Mikayıl Cabbarov layihənin ümumtəhsil məktəb şagirdlərinin mütaliəyə həvəsini artıracağını və onların bədii-estetik zövqünün inkişafına, mənəvi tərbiyəsinə müsbət təsir edəcəyini qeyd edib.
Nazirin fikrincə, mütaliənin populyarlaşdırılması şagirdlərdə geniş dünyagörüşün formalaşmasına təsir göstərəcək: "Düzgün təşkil edilən və planlaşdırılan mütaliə biliyi genişləndirməklə yanaşı, insana məmnunluq hissi bəxş edir".
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev layihənin əhəmiyyətini yüksək dəyərləndirib. Təhsil Nazirliyinin şagirdlərdə mütaliə mədəniyyətinin yüksəldilməsi istiqamətində apardığı işləri təqdir edən AYB sədri bu prosesə dəstək verəcəklərini bildirib.
Qeyd edək ki, layihənin məqsədi təhsil müəssisələrində mütaliə edən icmanın yaradılması vasitəsi ilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanışlığını təşviq etməkdir. Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur.