Bakı. 27 oktyabr. REPORT.AZ/ Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən “Direktorlar klubu”nun üzvləri üçün seminar keçirilib.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, seminarda Türkiyənin təhsil eksperti Erdem Söylemez "Məktəbdaxili təşkilati mədəniyyətin formalaşdırılması" mövzusunda çıxış edib və direktorları maraqlandıran sualları cavablandırıb.
Seminar zamanı məktəbdaxili təşkilatçılıqda bərabərlik və ədalət, idarəetmədə şəxsi nümunələr, pozitiv nitqin vacibliyi, öyrənməyə açıq olmaq, bölüşmək və əməkdaşlıq, qarşılıqlı hörmət haqqında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, “Direktorlar klubu”nun üzvləri Təhsil Nazirliyinin direktorluq vəzifəsi üçün elan etdiyi müsabiqədən uğurla keçən və 2016-ci ildə məktəb direktoru vəzifəsinə təyinat alan şəxslərdir.