Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Bakıda “ICMSEM 2016” 10-cu beynəlxalq konfransın açılış mərasimi keçirilib.
"Report"un məlumatına görə, iki günlük konfransa dünyanın 10-dan çox ölkəsindən akademik səviyyədə nümayəndələr qatılıb.
31 avqust - 1 sentyabr tarixlərini əhatə edəcək “İdarəetmə elmi və mühəndislik idarəetməsi” (“ICMSEM 2016”) 10-cu konfransında dünyanın 10-dan çox ölkəsindən akademik səviyyədə təmsilçilik nəzərdə tutulur.
Konfransın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti Akif Əlizadə, eləcə də Azərbaycanın və dünyanın bir sıra digər ölkələrinin nüfuzlu alimləri iştirak ediblər.
Təhsil naziri Mikayıl Cabbarov çıxışında qeyd edib ki, təhsil və elm arasında rabitələrə həsr olunan seksiyaların olması vacibdir: "Son 20 ildə ölkədəki məktəblərin 70 faizi ya təmir olunub, ya da yenidən qurulub. Əmin olmalıyıq ki, elm və təhsil iqtisadi inkişafların ehtiyacını qarşılaya bilər. Buna görə də bir sıra vacib işlər görülməlidir. Bundan başqa, Azərbaycanın son illər ərzində bir çox elmi nailiyyətləri olub".
AMEA-nın prezidenti Akif Əlizadə isə deyib ki, son dövrlərdə yeni kəşflərə imza atılıb: "Elmdə və təhsildə menecment anlayışını öz fəaliyyətimizə təlqin etməklə bir çox uğurlara imza ata bilərik. Gəncləri elmə cəlb etmək üçün daim addımlar atılır. Çünki yaxşı elm gənclik tərəfindən yaradılır. Bariz nümunədir ki, Akademiyada 70-ə yaxın magistr çalışacaq".
Azərbaycan alimlərinin konfransa təqdim olunan məqalələri nüfuzlu “Springer” məlumat bazasına yerləşdirilib və dərc edilib.
Xatırladaq ki, konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir.
Qeyd edək ki, “ICMSEM 2016” beynəlxalq konfransı 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il MDB məkanında ilk dəfə olaraq konfransa Azərbaycan ev sahibliyi edir.