İyulun 27-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Gənc Avropa Səfirlərinin (Young European Ambassadors) birgə əməkdaşlığı ilə “Avropa İttifaqını nə dərəcədə yaxşı tanıyırsınız?” mövzusunda “Avropa Bilik Yarışması” keçirilib.
“Report” xəbər verir ki, yarışma Avropa Gənclər İlinə həsr olunub. Tədbirdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, həmçinin Almaniyanın və Fransanın Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın bütün bölgələrindən olan 14-26 yaşlı gənc istedadları bir araya gətirən bilik yarışması Avropanın tarixi, dəyərləri, mədəniyyəti barədə iştirakçıların biliklərini interaktiv yolla artırmaqla yanaşı, həm də onlarda komanda ruhunun və analitik bacarıqlarını inkişafına kömək edir.
İştirak üçün müraciət etmiş 555 gəncdən 66 nəfəri bir neçə komandanın tərkibində yarışmaya buraxılıb.
Yarışmanı giriş sözü ilə açan Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko deyib ki, iki il sürən çox çətin pandemiya dövründən sonra Aİ bütün dünyada gənclər üçün bərabər təhsil və iş imkanlarının təmin edilməsini dəstəkləməyə çalışır.
Xatırladaq ki, Avropa Gənclər İli çərçivəsində Aİ nümayəndəliyi ölkəmizdə “Eurovillage”, “Avropa Yay Məktəbi kimi bir sıra tədbirlər keçirib.