Bakı məktəblərində Xocalı soyqırımına dair silsilə tədbirlər keçirilib

Bakı məktəblərində Xocalı soyqırımına dair silsilə tədbirlər keçirilib Bakı. 26 fevral. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Elm və təhsil
26 Fevral , 2019 15:32
Bakı məktəblərində Xocalı soyqırımına dair silsilə tədbirlər keçirilib

Bakı. 26 fevral. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

İdarədən "Report"a verilən məlumata görə, tədbirlərin təşkil olunmasının əsas məqsədi Vətən yolunda canından keçənlərin ehtiramla xatirəsini yad etmək, məktəblilərdə vətənpərvərlik hissini daha da yüksəltmək və Xocalı soyrıqımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdan ibarətdir.

Təhsil müəssisələrində “Xocalı soyqırımını unutma”, “Unudulmayan faciə, sağalmaz yara”, "Xocalısız 27 il", “Xocalı-əsrin faciəsi”, “Bir yurd vardır-Xocalı”, “Xocalı uşaqların gözü ilə”, "Xocalı qətliamı dünya tarixinin qan yaddaşında", “Qanlı gecə”, “Xocalıya gedən yol” mövzularında dərslər, mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, rəsm müsabiqələri və idman yarışları təşkil edilib.

Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı faciəsinin tarixindən bəhs olunub. Fevralın 25-i gecə saatlarından şəhərin toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanıldığı, fevralın 26-sı səhər saat 5 radələrində şəhərin tamamilə alova büründüyü bir daha şagirdlərin diqqətinə çatdırılıb.

Tədbirlərdə məktəblilərə Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənin əməllərini unutmamaq tövsiyə olunub.

Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.

Xocalı soyqırımı ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər, guşələr, bülletenlər hazırlanıb, məktəblilər arasında inşa yazı müsabiqələri keçirilib.

Həmçinin təhsil müəssisələrində Xocalı faciəsi barədə filmlər nümayiş olunub, məktəblilərin və təhsil işçilərinin şəhid ailələri və soyqırım şahidləri ilə görüşləri keçirilib.

Son xəbərlər

Orphus sistemi