Bakı. 21 iyun. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Həyat bilgisi” fənnini tədris edən müəllimlərə sertifikatlar təqdim olunub.
İdarədən "Report"a verilən məlumata görə, sertifikatlar maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirilən təlimlərdə uğur qazanan müəllimlərə verilib.
Maliyyə savadlılığının artırılması istiqamətində keçirilən təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb.
Təlimlərin keçirilməsinin əsas məqsədi müəllimlərin iqtisadi bilik və bacarıqlarının artırılması, həmçinin iqtisadi biliklərin tədrisi zamanı onların əyani vəsait və elektron resurslarla təmin edilməsindən ibarətdir.
Layihə çərçivəsində müxtəlif qruplar üzrə təşkil edilmiş təlimlərdə “Həyat bilgisi” və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib, mövzular üzrə interaktiv oyunlara, çalışmalara yer verilib.
“Həyat bilgisi” fənn müəllimləri üçün təlimlər Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində təşkil olunub.
Təhsildə maliyyə savadlılığına dair təlimlərin növbəti tədris ilində də keçirilməsi nəzərdə tutulur.