Bakı. 15 noyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və həmin ölkədəki Mediatorların Professional Assosiasiyasının sədri, tanınmış hüquqşünas Eliza Nikolova ilə görüş keçirilib.
Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib ki, hazırda Bolqarıstanın Sofiya Universiteti də daxil olmaqla 20 xarici ölkə, 28 yerli universitetdə Azərbaycan multikulturalizmi fənni tədris olunur: "Hazırda Almaniya, İsrail, Moldova, İtaliya, Portuqaliya və Rusiyada isə artıq iki şəhərdə -Moskva və Yekaterinburqda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialları fəaliyyət göstərir. Bu gün Multikulturalizm Mərkəzinin sayca səkkizinci - Bolqarıstan filialının açılması ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanır".
Tədbirdə Mərkəzin icraçı direktoru Azad Məmmədovla Eliza Nikolova arasında Azərbaycan multikulturalizmi və tolerantlığının təbliği istiqamətində birgə fəaliyyət göstərmək, müştərək layihələrin icrasını təmin etmək, BBMM-nin mənafelərini təmsil və müdafiə edən Bolqarıstan filialının fəaliyyətini təmin etmək məqsədi ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Eliza Nikolova BBMM-in Bolqarıstan filialına rəhbərlik etməyin məsuliyyətli və şərəfli iş olduğunu qeyd edib.