BANM-in orta məktəblərdə təqdimatları başa çatıb

BANM-in orta məktəblərdə təqdimatları başa çatıb BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı orta məktəblərdə rəhbərlik və yuxarı sinif şagirdləri ilə mütəmadi görüşlər keçirib
Elm və təhsil
17 May , 2017 10:50
BANM-in orta məktəblərdə təqdimatları başa çatıb
BANM

Bakı. 17 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) haqqında abituriyentlərin məlumatlanmasını təmin etmək və onlarda mühəndislik sahəsinə marağı artırmaq, Ali Məktəbdə aparılan islahatlar və yeniliklərin ümumilikdə cəmiyyətə çatdırılması məqsədilə ənənəvi olaraq hər il aparılan təqdimatlar başa çatıb.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, aksiya çərçivəsində BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı orta məktəblərdə rəhbərlik və yuxarı sinif şagirdləri ilə mütəmadi görüşlər keçirib.

H.Sadıqlı təqdimatlarla çıxış edərək şagirdlərə BANM-in yaranma tarixi, fəaliyyət istiqamətləri, yeni kampusu, illər üzrə ümumi statistik göstəriciləri, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübələr, seminarlar və BANM-in fəaliyyətinin digər istiqamətləri haqqında geniş məlumat verib.

O bildirib ki, sözügedən şirkətlər Ali Məktəbdə seminar və təlimlər təşkil edir. Şirkətlərin köməkliyi ilə BANM-in yeni kampusunda müasir laboratoriyalar qurulub.

Aksiya çərçivəsində orta məktəblərin məzunları olmuş hazırda BANM-də təhsil alan tələbələr Ali Məktəbin tələbə həyatı, sosial-ictimai sahədə tələbələrin fəaliyyəti haqda və qazandıqları uğurun sirləri barədə danışıblar. Onlar həmçinin tələbə təşkilatları və klubları haqqında məlumat veriblər.

Qeyd edək ki, PR kompaniyası çərçivəsində Bakı, Sumqayıt, Xırdalan, Abşeron və Biləsuvar rayonlarında yerləşən 50 məktəbdən çox olan 3 mindən çox məktəbli ilə görüşlər keçirilib.

Son xəbərlər

Orphus sistemi