Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanda yaşayan bütün azsaylı xalqların və etnik qrupların dillərinin tədqiqi üzrə mütəxəssislərə ehtiyac var. Bu barədə "Report"a Dilçilik İnstitutunun Sosiolinqvistika və Dil siyasəti şöbəsinin müdiri Mayıl Əsgərov məlumat verib.
Onun sözlərinə görə, azsaylı xalqların və etnik qrupların dillərinin tədqiqi arzuolunandır, bununla bağlı Dilçilik İnstitutunun şöbələrində boş yerlər var, lakin həmin dilləri bilən və tədqiq edən mütəxəssislər çox azdır.
Şöbə müdiri bildirib ki, hazırda şöbədə Avar və Tat dilinin tədqiqi üzərində iş gedir: "Avar dili ilə bağlı Cəmilə Keyserovskaya, Tat dili ilə bağlı Gülsüm Hüseynova araşdırma aparır. Bu şəxslər həmin dilin daşıyıcısı, həmin millətin nümayəndələridir. Təbii ki, mütəxəssis üçün öz dilinin tədqiqi daha asan və daha uğurlu olar".
Mayıl Əsgərovun sözlərinə görə, Zaqatala və Qəbələdə yaşayan etnik qrupların icma üzvlərinə təklif edilib ki, dillərini tədqiq etmək üçün öz nümayəndələrini İnstituta göndərsinlər: "Biz məmnuniyyətlə onları qəbul edərik, doktorantura təhsili almağa yardımçı olarıq və onlar öz dillərinin yüksək səviyyədə öyrənilməsinə kömək edə bilərlər. Təbii ki, sizin dilinizi sizdən yaxşı heç kim tədqiq edə bilməz".