Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycanlı tələbə Çingiz Əzimzadə İNDEX – Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin dəstəyi ilə Brüsseldə yerləşən Avropa Parlamentində təcrübə keçib. Bu barədə "Report"a İNDEX-dən bildiriblər.
İstanbul Universitetinin tələbəsi olan Ç.Əzimzadə təcrübə proqramının əhəmiyyətindən danışıb: "Tələbələr ilk öncə öz ixtisası üzrə təhsil alırlar. Sonradan praktiki təcrübələr keçmək hər bir tələbə üçün böyük müvəffəqiyyətdir. Təşkilatçılıq, protokol qaydaları və iş təcrübəsi hər bir insanın gələcək karyerasında önəmli faktordur", - Ç.Əzimzadə deyib.
Qeyd edək ki, İNDEX - Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin həyata keçirdiyi gənclərlə bağlı yeni layihənin məqsədi istedadlı azərbaycanlı gəncləri üzə çıxarmaq, onların dünyanın müxtəlif ölkələrində təqdim olunan təcrübə proqramlarından yararlanmağına yardımçı olmaqdır. Layihə İNDEX tərəfindən dəstəklənən təcrübə proqramına və bu proqramdan yararlanan gənclərə həsr olunub.