Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bu gün Bakıda səfərdə olan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) başqanı, professor Hasan Mandalla görüşüb.
"Report" xəbər verir ki, AMEA prezidenti TÜBİTAK-la akademiyanın 2013-cü ildən əməkdaşlıq etdiyinə diqqəti yönəldərək bu əməkdaşlığın genişlənməsi üçün böyük potensialın olduğunu bildirib.
R.Mehdiyev qeyd edib ki, iki ölkə arasında elm sahəsində əlaqələlərin daha da dərinləşməsi üçün alimlərin qarşılıqlı səfərləri intensivləşməli və birgə araşdırmalar aparılmalıdır. Milli Elmlər Akademiyasının tərkibində 45 institutun olduğunu diqqətə çatdıran AMEA prezidenti əməkdaşlıq üçün böyük imkanların olduğunu deməklə iki ölkə alimlərinin birgə əməkdaşlığının elmə böyük tövhə verə biləcəyini vurğulayıb.
“Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının tanıtım mərasimi üçün Bakıya gəldiyini deyən TÜBİTAK başqanı professor Hasan Mandal festivalla bağlı AMEA prezidentinə məlumat verib. H.Mandal “Teknofest”in Türkiyədə artıq 4-cü ildir keçirildiyini və bu il Azərbaycanda da təşkil olunduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycanda baş tutacaq festival çərçivəsində 10 yarış keçiriləcək. Hasan Mandal “Teknofest Azərbaycan”a ölkəmizin bir sıra nazirlik və ali təhsil müəssisələrinin qatıldığına diqqəti yönəldib və elm yönümlü bir festival olan “Teknofest”də Azərbaycan Milli Elmlər Akademiyasının də iştirakını arzuladıqlarını söyləyib. AMEA prezidenti, akademik Ramiz Mehdiyev alimlərimizin bu festivalda iştirakından məmnunluq duyduğunu vurğulayıb.
TÜBİTAK başqanı da iki ölkə arasında elmi əməkdaşlıq baxımından yüksək potensialın olduğuna diqqəti yönəldərək bu sahədə hər iki tərəfdən beş alimin iştirakı ilə İşçi qrupun yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu işçi qrup iki ölkənin elm adamlarının əməkdaşlıqları ilə bağlı plan hazırlaya bilər.
TÜBİTAK başqanı 2013-cü ildə Azərbaycan və Türkiyə Prezidentlərinin görüşü zamanı AMEA və TÜBİTAK arasında imzalanmış protokola uyğun olaraq iki ölkə alimlərinin birgə əməkdaşlığı ilə həyata keçirilən layihə müsabiqəsinin yekunları ilə bağlı da maraqlanıb və türkiyəli elm adamlarının bu müsabiqəyə yekun vurularaq yeni müsabiqənin elan olunmasını səbirsizliklə gözlədiklərini vurğulayıb. Artıq sözügedən protokola uyğun olaraq 3-cü dəfə keçirilə layihə müsabiqəsinin nəticələri ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov məlumat verib. O, artıq layihələrlə bağlı ekspert rəylərinin hazır olduğunu və nəticələrin yaxın günlərdə elan olunacağını deyib. Arif Həşimov iki ölkə arasında elmi əməkdaşlıqda önəmli addım olan azərbaycanlı alimlərə milyonluq ekspert bazasından istifadə üçün şərait yaratdığına görə TÜBİTAK rəhbərinə təşəkkür edib. O, bildirib ki, yaxın vaxtlarıda bir neçə azərbaycanlı alimin də adı ekspert kimi bu bazaya daxil ediləcək.
Görüşdə H.Mandal ən yaxın zamanda R.Mehdiyevi TÜBİTAK-ı ziyarət üçün Türkiyəyə dəvət edəcəklərini deyib. AMEA prezidenti məmnuniyyətlə bu dəvəti dəyərləndirəcəyini qeyd edib.
Sonda qonağa Azərbaycan Milli Elmlər Akademiyası adından xatirə hədiyyəsi təqdim olunub.