Azərbaycanın 3 rayonunda gənclər üçün yaradıcılıq festivalları keçiriləcək

Azərbaycanın 3 rayonunda gənclər üçün yaradıcılıq festivalları keçiriləcək Festivalların əsas məqsədi uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdır
Elm və təhsil
22 Sentyabr , 2015 12:24
Azərbaycanın 3 rayonunda gənclər üçün yaradıcılıq festivalları keçiriləcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi (GTM) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Qızıl Payız” gənclərin yaradıcılıq festivallarının keçirilməsi üçün hazırlıq işlərinə başlayıb. Bu barədə “Report”a GTM-in mətbuat xidmətindən məlumat verilib.

Gəncə, Mingəçevir və Ağcabədidə keçiriləcək festivalların əsas məqsədi gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına kömək etmək, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdır.

Hazırda festivalların keçirilməsi üçün hər 3 rayonda yaradıcılıq dərnəyi qurulur. Festivalın iştirakçısı olmaq istəyən gənclər bu dərnəklərdə bütün hazırlıq işlərini həyata keçirə bilərlər. Dərnəklərdə gənclərin istifadəsi üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdiriləcək, o cümlədən yaradıcılıq təlimlərinə başlanılacaq.

Bu layihə çərçivəsində gənclər üçün yaradıcılığın müxtəlif sahələrində (teatr, rəssamlıq, musiqi, kino, ədəbiyyat və s.) master klassların və təlimlərin təşkili, istedadlı gənclərin yaradıcılıq imkanlarının təqdim olunması üçün festival, sərgi, konsert və digər sosial tədbirlərin keçirilməsi planlaşdırılır. Belə ki, layihə müddətində qeyd olunan regionların hər birində davamlı olaraq, istedadlı gənclərin tapılıb, qurulmuş yaradıcılıq dərnəyinə cəlb olunması işləri aparılacaq. Dərnəklər imkan verəcək ki, qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gənc burada öz bacarıqlarını inkişaf etdirsin, özünü cəmiyyətə tanıtsın və inkişaf etmiş yaradıcı insana çevrilsin. Bununla yanaşı yaradıcı gənclərə onların şəxsi inkişafı və təşəbbüskarlığının artırılması üçün müxtəlif oyunlar və müsabiqələr təşkil olunacaq. Layihə təlimçiləri tərəfindən yaradıcı gənclərə nəinki səhnədə, eyni zamanda cəmiyyətdə daha fəal olmaları üçün şəxsi inkişaf, liderlik, komanda işi, effektiv kommunikasiya və digər praktik mövzularda təlimlər keçiriləcək.

Dərnəkdə hazırlaşdırılan yaradıcı gənclərin hər bir regionda keçiriləcək festivallar vasitəsilə öz istedadlarını nümayiş etdirmələri üçün şərait yaradılacaq. Festivalları izləmək üçün müvafiq sahə üzrə ekspertlər və dövlət qurumları da dəvət ediləcək ki, həmin gənclərdən ən layiqlilərinin gələcək yaradıcılığını davam etdirməsinə kömək etsinlər.

Qeyd edək ki, mərkəz tərəfindən “Qızıl Payız” gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi