Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanın ali təhsil müəssisələrində ölkə vətəndaşları ilə birgə 58 xarici ölkənin 4 189 nəfər vətəndaşı da təhsil alır. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı aylıq hesabatda bildirilir.
Hesabatda qeyd olunur ki, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Türkmənistan, Gürcüstan, İraq və Çin Xalq Respublikasının vətəndaşları üstünlük təşkil edir.
2014/2015-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 2 911 nəfər olub. Xaricdə təhsil alan gənclərin 63,9 faizi Bakı, 36,1 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Birləşmiş Krallıq, Almaniya və Rusiyanın ali təhsil müəssisələrində təhsil alır.