Azərbaycanda təhsil alan gürcülər Tbilisidə aksiya keçirir - YENİLƏNİB

Azərbaycanda təhsil alan gürcülər Tbilisidə aksiya keçirir - YENİLƏNİB Azərbaycan, Ukrayna və Ermənistanda ali təhsil alan gürcü tələbələrin Tbilisidə etiraz aksiyası Gürcüstan parlamentinin yaxınlığında davam etdirilir.
Elm və təhsil
4 Fevral , 2020 20:10
Azərbaycanda təhsil alan gürcülər Tbilisidə aksiya keçirir - YENİLƏNİB

Azərbaycan, Ukrayna və Ermənistanda ali təhsil alan gürcü tələbələrin Tbilisidə etiraz aksiyası Gürcüstan parlamentinin yaxınlığında davam etdirilir.

“Report”un yerli bürosu xəbər verir ki, gənclər Gürcüstan ali məktəblərinə köçürülmə üçün sabaha təyin olunan test imtahanının ləğvi ilə bağlı təhsil naziri Mixeil Çxenkeli ilə görüş tələb edirlər.

Tələbələr parlamentin giriş qapılarının birində çadırlar qurmağa cəhd etsələr də, polis əməkdaşları buna imkan verməyib.

İmtahanla bağlı Gürcüstan vətəndaşı olan 350 tələbə etiraz edir. Onlar iddia edirlər ki, bu imtahanla Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi onlara süni maneələr yaradır.

Nazirlikdən isə bildirilib ki, həmin tələbələr Gürcüstan vətəndaşları olduğundan onlara ölkə qanunvericiliyi şamil olunur.

“Tələbələr dörd imtahan əvəzinə ümumi biliklər üzrə yalnız bir imtahan verəcəklər. Onlara imtahanın əvəzlənməsi təklif olunsa da, gənclər bundan imtina ediblər”, - deyə qurumdan qeyd olunub.


***13:53

Azərbaycan, Ukrayna və Ermənistanda ali təhsil alan və Gürcüstan universitetlərinə köçürülmək istəyən tələbələr Tbilisidə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binası qarşısında aksiya keçiriblər.

“Report”un yerli bürosu xəbər verir ki, tələbələr ümumi biliklərdən sabaha təyin olunan imtahanın ləğv olunmasını tələb ediblər.

Ötən axşamdan gənclər nazirliyin binası qarşısında bir neçə çadır qurublar.

Ümumi biliklər üzrə test imtahanı sabah saat 15:00-a təyin olunub. İmtahanda yanvarın 24-dən etibarən Gürcüstanda təhsil almaq üçün qeydiyyatdan keçən tələbələr iştirak edəcəklər.

Aksiya iştirakçıları imtahana hazırlıq üçün vaxtın az olduğunu vurğulayıblar.

Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən bildirilib ki, sabahkı imtahan ləğv olunmayacaq. Çünki tələbələr imtahan barədə bir il bundan öncə məlumatlandırılıblar. İmtahanda iştirak etmək üçün 343 Gürcüstan vətəndaşı qeydiyyatdan keçib.

Xatırladaq ki, xarici ölkədə ali təhsil alan Gürcüstan vətəndaşı gələcək təhsilini vətəndə davam etdirmək istəyərsə, ümumi biliklərdən test imtahanı verməlidir. Bu qayda 2018-ci ildə qüvvəyə minib. 

Son xəbərlər

Orphus sistemi