Azərbaycanda şahmat məcburi fənn kimi tədris oluna bilərmi?

Azərbaycanda şahmat məcburi fənn kimi tədris oluna bilərmi? Bir çox qonşu ölkələrində, xüsusilə də Gürcüstanda yeni qərarla I sinifdən 2022-2023-cü tədris ilindən etibarən şahmat məcburi fənn kimi tədris olunacaq. Bu qərarın qəbul edilməsində məqsəd şahmatın təhsil alanların diqqət, konsentrasiya, yaddaş, təhlil,
Elm və təhsil
9 İyun , 2022 15:02
Azərbaycanda şahmat məcburi fənn kimi tədris oluna bilərmi?

Qonşu ölkələrin bəzilərində, bu ildən isə Gürcüstanda I sinifdən şahmat məcburi fənn kimi tədris olunacaq. Bu qərarın qəbul edilməsində əsas məqsəd şahmatın təhsil alanların diqqət, konsentrasiya, yaddaş, təhlil, məntiq, qərar qəbulu, məkanda səmtləşmə kimi bacarıqlarını yaxşılaşdırmaqdır.

Bu təcrübədən çıxır edərək Azərbaycanda da məktəblərdə intellektual baxımdan bu idman növünün fənn olaraq salınması mümkün ola bilərmi?

Təhsil eksperti Kamran Əsədov “Report”a açıqlamasında bildirib ki, 2012-2013-cü tədris ilindən etibarən məktəblərdə şahmat fənninin tədrisinə başlanılıb:

“Əvvəllər şahmat bacarıqları fiziki tərbiyə fənninin daxilində il ərzində 3-5 saat ayrılmaqla tədris olunurdu. Hazırda ölkədə nəhəng idman qurğuları tikilir və ya yenilərinin yaradılması istiqamətində mühüm addımlar atılır. Şahmatçılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməsi, ölkəmizin müxtəlif növ şahmat turnirlərinə ev sahibliyi etməsi, bu kimi uğurların ildən-ilə artmasının səbəbi şagirdlərin erkən yaşlardan şahmatla orta məktəbdə tanışlığı, onlarda ilkin bilik və bacarıqların formalaşdırılmasıdır. Təkcə orta məktəblərdə yox, eyni zamanda bütün rayonlarda yeni şahmat məktəbləri tikilib, uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılıb”.

Kamran Əsədov
Kamran Əsədov

O qeyd edib ki, şahmat hər bir insanın təfəkkürünü, düşüncəsini, hafizəsini formalaşdırır:

“Şahmat idman növü olmaqla yanaşı, həm də uşaqların zehni inkişafında mühüm rol oynayır. Bu da hər bir məktəbli üçün vacib şərtlərdəndir. Bu sahədə qazanılan uğurlar şahmat təliminin daha yüksək səviyyədə davam etdirilməsinə və əhatə dairəsinin genişləndirilməsinə etibarlı zəmin yaradır. Şahmatın tədrisinin ümumtəhsil məktəblərində dərs proqramına daxil edilməsi, uşaqların intellektual biliyinin inkişafında böyük təsiri var. Onlar ən çətin vəziyyətlərdə çıxış yolu tapmağı, mühakimə yürütməyi bacarırlar, zehinləri inkişaf edir. Həmçinin başqa fənlərə də maraqları artır. Şahmatla məşğul olan uşaqların digər şagirdlərlə müqayisədə böyük fərqi var. Şahmatla məşğul olan uşaqların məntiqi təfəkkürü güclü olur. Valideynlər arasında keçirilən sorğu da bunu dəstəkləyir. Müəllimlər orta məktəblərdə uşaqlara şahmatın sirlərini daha dərindən öyrətməyə çalışmalı, maarifləndirmə işləri aparmalı və idmanın bu növünü təbliğ etməlidirlər”.

Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, təhsil nazirinin əmri ilə 2011-2012-ci dərs ilindən müvafiq maddi-tədris bazası və kadr potensialı olan bəzi ümumi təhsil müəssisələrinin II siniflərindən başlayaraq ibtidai təhsil səviyyəsində dərsdənkənar məşğələ saatları hesabına həftədə 1 saat olmaqla “Şahmat” kursunun tədrisinə başlanıb:

“Hazırda ölkə üzrə 235 ümumi təhsil müəssisəsinin 1600-ə yaxın II-IV siniflərində təqribən 33 000 şagirdə “Şahmat” tədris olunur. Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcı qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növüdür.

İdman profilli məktəbdənkənar təhsil müəssisələrində 29 idman növü üzrə bölmələr fəaliyyət göstərir: Ağır atletika, atletika, idman gimnastikası, bədii gimnastika, batut, baydarka və kanoye, boks, basketbol, badminton, karate, cüdo, futbol, əl topu, tennis, stolüstü tennis, sərbəst güləş, yunan-roma güləşi, üzgüçülük, otüstü xokkey, taekvando, voleybol, velosiped idmanı, qılıncoynatma, akrobatika gimnastikası, tamblinq, sambo, atıcılıq, şahmat, dama.

Yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrində aşağıda qeyd olunan istiqamətlər üzrə bölmələr fəaliyyət göstərir: Təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii yaradıcılıq, texniki yaradıcılıq, intellekt, ekologiya, turizm və diyarşünaslıq, fiziki tərbiyə.

Məktəbdənkənar təhsil müəssisələrində qısa müddətli dərnəklər istisna olmaqla dərnək məşğələləri sentyabrın 15-dən gec olmayaraq başlayır və bir qayda olaraq növbəti ilin iyun ayının 14-də başa çatdırılır. Dərnək və qruplarda komplektləşdirmə sentyabr-oktyabr aylarında aparılır. Dərnəklər proqramın tələblərindən asılı olaraq bütün tədris ili boyu, eləcə də daha qısa müddət üçün təşkil oluna bilər. Məktəbdənkənar təhsil müəssisələrinə qəbul üçün şagirdlər elektron qaydada https://portal.edu.az/ linki vasitəsilə və birbaşa müəssisələrə müraciət edərək müvafiq dərnəklərə qoşula bilər.

Təhsil Nazirliyinin həyata keçirdiyi fəaliyyətləri qeyd edərək bildiririk ki, şahmatın məcburi fənn kimi tədrisi nəzərdə tutulmur”.

Son xəbərlər

Orphus sistemi