Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir

Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir Ümumilikdə 47 260 şagirdin imtahan verəcəyi nəzərdə tutulur
Elm və təhsil
21 İyun , 2016 07:00
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir

Bakı. 21 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Abşeron, Sumqayıt şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin, eləcə də Heydər Əliyev adına Hərbi lisey və C.Naxçıvanski adına Hərbi Liseyin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

“Report”un məlumatına görə, ümumilikdə 47 260 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 26 072, XI sinif üzrə 21 188).

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlayacaq.

Şagirdlər imtahana “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, 16 yaşı aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

Xatırladaq ki, IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb.

Həmin gün 26 072 (Naxçıvanda 1 038, Kəngərlidə 223, Babəkdə 633, Ordubadda 439, Sədərəkdə 99, Culfada 404, Şərurda 792, Şahbuzda 158, Ağcabədidə 1 813, Ağdamda 672, Zərdabda 601, Bərdədə 2 110, Tərtərdə 728, Füzulidə 764, Beyləqanda 1 174, Göyçayda 1 335, Ucarda 937, Kürdəmirdə 1 216, Ağdaşda 1 205, Yevlaxda 1 317, Ağsuda 743, Abşeronda 3 354, Sumqayıtda 4 176, Yasamalda 141) nəfər IX sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün də 66 imtahan mərkəzi ayrılıb.

Həmin gün 21 188 (Naxçıvanda 922, Kəngərlidə 203, Babəkdə 583, Ordubadda 330, Sədərəkdə 72, Culfada 398, Şərurda 674, Şahbuzda 166, Ağcabədidə 1 615, Ağdamda 445, Zərdabda 468, Bərdədə 1 778, Tərtərdə 617, Füzulidə 729, Beyləqanda 942, Göyçayda 1 062, Ucarda 681, Kürdəmirdə 985, Ağdaşda 908, Yevlaxda 1 156, Ağsuda 528, Abşeronda 2 375, Sumqayıtda 3 268, Yasamalda 283) nəfər XI sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 180 imtahan rəhbəri, 2 273 nəzarətçi-müəllim ayrılıb.

Son xəbərlər

Orphus sistemi