Bakı. 2 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 30-da orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
TQDK-dan "Report"a verilən məlumata görə, imtahanlar Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı şəhər və rayonlarında yerləşən orta məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilib.
9-cu sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 24 268 şagirddən 399 nəfəri imtahana gəlməyib. 2 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib. Onlar imtahan binasına mobil telefon keçirtməyə, sual kitabçalarını və cavab kartlarını dəyişdirməyə, nizam-intizam qaydalarının pozmağa cəhd ediblər. İştirakçılardan 30 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.
11-ci sinif üzrə isə imtahanda iştirakı nəzərdə tutulan 20 954 şagirddən 356 nəfəri imtahana gəlməyib. 34 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib. Onlar imtahan binasına mobil telefon keçirtməyə, sual kitabçalarını və cavab kartlarını dəyişdirməyə, nizam-intizam qaydalarının pozmağa cəhd ediblər. İştirakçılardan 41 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.