DİM: Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üzrə dəyişiklik arzuolunan deyil

DİM: Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üzrə dəyişiklik arzuolunan deyil 2020/2021-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 48 834 yer ayrılmışdı
Elm və təhsil
23 İyun , 2021 14:35
DİM: Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üzrə dəyişiklik arzuolunan deyil

2020/2021-ci tədris ili üçün ölkənin ali təhsil müəssisələrinə qəbul üçün 48 834 yer ayrılmışdı.

Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Müsabiqədənkənar qəbul nəzərə alınmasa 2019-cu illə müqayisədə keçən il dövlət ali təhsil müəssisələrinin qəbul planında 1.30% (524 yer), özəl ali təhsil müəssisələrinin qəbul planı isə 3.06% (230 yer), ümumilikdə isə 754 yer (1.58%) artım müşahidə edilib.

Müsabiqədənkənar qəbul ötən illə müqayisədə 114 yer, bu yerlərlə birlikdə ümumi qəbul planı isə 1.81% (868 yer) artıb.

“Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, 2020-ci ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 11.53% artıb. Bununla belə qeyd etmək lazımdır ki, ötən il hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 23.27%-ni təşkil edib. Bu göstərici 2019-cu ildə 21.25%, 2018-ci ildə 21.44%, 2017-ci ildə 14.80%, 2016-cı ildə 18.73%, 2015-ci ildə 13.95%, 2014-cü ildə 13.87% olduğu halda, 2013-cü ildə 56.18% olmuşdu. 2013-cü illə müqayisədə son yeddi ildə həyata keçirilən bu cür dəyişiklik arzuolunmaz haldır. Çünki bəzən Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tam fərqli keçid balları yaranır. Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur.

Ötən tədris ilində ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 91.64%-i Azərbaycan, 8.36%-i isə rus bölməsinin abituriyentləri olub", - Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edək ki, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 69.95, maksimum 93.38%-ni, rus bölməsinin abituriyentləri isə minimum 6.62, maksimum 30.05%-ni tuta bilərdilər. Göründüyü kimi, minimum və maksimum imkanlar arasında fərq kiçikdir. Bu isə Azərbaycan bölməsində daha hazırlıqlı gənclərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarında süni maneələr yaradır.

Son xəbərlər

Orphus sistemi