Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində Polşada Azərbaycan və polyak dillərində nəşr olunan “Azərbaycan dili“ dərsliyinin təqdimat mərasimi keçirilib.
Bu barədə "Report"a ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Tədbirdə ADU-nun rektoru Səməd Seyidov çıxış edərək “Azərbaycan dili“ dərsliyinin müəllifi Fəridə Səfiyevanın əməyindən danışıb.
Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtmağın bir sıra sahələrlə mümkün olduğunu deyən rektor Səməd Seyidov Azərbaycan dilinin tanıdılmasında, digər ölkələrdə inkişaf etdirilməsində Polşada Azərbaycan dilinin tədrisində bir vasitəyə çevriləcək kitabın mühüm hadisə olduğunu qeyd edib.
Azərbaycan Atatürk Mərkəzinin sədri, Milli Məclisin deputatı Nizami Cəfərov isə çıxış edərək bu dərsliyin çapdan çıxmasını böyük hadisə kimi qiymətləndirib.