Bakı. 21 yanvar. REPORT.AZ/ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu "Azərbaycan dilinin yeni sözlər lüğəti"ni hazırlayır. Bu barədə "Report"a açıqlamasında institutun Tətbiqi dilçilik şöbəsinin müdiri, lüğətin redaktoru İsmayıl Məmmədli məlumat verib.
Onun sözlərinə görə, lüğətdə hələlik iki minə yaxın yeni söz bazası toplanıb: "Hazırda toplanan sözlər siyahıya alınmaqla yanaşı, qruplaşdırılır və kompüter vasitəsilə yazılır. Topluda müəyyən elm sahələrində istifadə edilən, eləcə də heç bir lüğətə salınmayan yeni sözlər yer alacaq. Lüğətdə sözlərin mənası, izahı, hansı dildən gəlməsi, elmin hansı sahəsində işlənməsi qeyd ediləcək".
İ.Məmmədli onu da qeyd edib ki, hazırda lüğətin hazırlanması prosesi davam edir: "Lüğətin daha çox sözü əhatə etməsinə çalışırıq. İlin sonuna kimi lüğətin çap olunması gözlənilir".