Füzulidə yeni fəaliyyətə başlayan məktəbdəki şagirdlərin sayı 500 nəfərə çata bilər.
Bu barədə “Report”un Füzuli şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında Füzuli rayonu Mirzə Uluqbəy adına 1 saylı orta məktəbin direktoru Həcər Mahmudova deyib.
Direktorun sözlərinə görə, hazırda məktəbdə 290 nəfər şagird təhsil alır: “Füzuliyə qayıdış davam edir və düşünürük ki, bu rəqəm tədris ilinin sonuna kimi 500 nəfəri ötəcək”.
H.Mahmudova vurğulayıb ki, təhsil müəssisəsi üç aydır fəaliyyət göstərməsinə baxmayaraq şagirdlərin sayı 300 nəfərə çatır: “Ona görə də təhsil ilinin sonuna qədər bu rəqəmin 500-ə çatacağını proqnozlaşdırmaq mümkündür”.
Qeyd edək ki, Füzulidə məktəb Özbəkistan dövləti tərəfindən tikilib. 2023-cü ilin avqustunda Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev, o cümlədən hər iki ölkənin birinci xanımları Mehriban Əliyeva və Ziroatxon Mirziyoyeva məktəbin açılışında iştirak ediblər.