“ASAN peşə” layihəsi üzrə 8160 nəfər qeydiyyatdan keçib

“ASAN peşə” layihəsi üzrə 8160 nəfər qeydiyyatdan keçib Sənəd qəbulu avqustun 22-dək davam edəcək
Elm və təhsil
18 Avqust , 2017 15:26
“ASAN peşə” layihəsi üzrə 8160 nəfər qeydiyyatdan keçib
Report

Bakı. 18 avqust. REPORT.AZ/ 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

Təhsil Naziriyindən "Report"a verilən məlumata görə, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir.

Avqustun 1-dən bugünədək 8160 nəfər qeydiyyatdan keçib.

Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.

Bakı və Gəncə şəhərlərində yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul "ASAN xidmət" tərəfindən aparılır. Sumqayıt, Abşeron, Bərdə, Masallı, Sabirabad, Qəbələ şəhər və rayonları üzrə dövlət hesabına şagird qəbulu yalnız "ASAN xidmət” mərkəzlərində aparılır. Ödənişli əsaslarla şagird qəbulu həmin təhsil müəssisələri tərəfindən həyata keçirilir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil müəssisələrinə müraciət edə bilərlər.

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malikdir. Şagird qəbulu şəhadətnamə və attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.

İlk peşə-ixtisas təhsili müəssisələrində təhsil müddəti 6 aylıq, 1 illik, 2 illik və 3 illik təhsil proqramları əsasında təşkil olunur. Təhsil müddəti 3 illik olan proqramlar üzrə seçimdə yalnız son 2 ildə ümumi orta təhsil səviyyəsini bitirən və tam orta təhsil almaq istəyən şəxslər iştirak edə bilər. Ümumi orta təhsil səviyyəsini bitirənlər, eyni zamanda təhsil müddəti 1 (nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı ixtisaslar istisna olmaqla) və ya 2 illik proqramlar üzrə də seçimdə iştirak edə bilər.

Sənəd qəbulu avqustun 22-dək davam edəcək.

Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi, “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi