Bakı. 10 dekabr. REPORT.AZ/ AMEA üzrə vəzifələr nomenklaturasında bir sıra dəyişikliklər edilib. "Report" xəbər verir ki, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.
Belə ki, “AMEA Rəyasət Heyətinin bəzi səlahiyyətlərinin AMEA-nın elmi bölmələrinə həvalə edilməsi haqqında” AMEA Rəyasət Heyətinin 2014-cü il 5 noyabr tarixli qərarının birinci bəndində akademiyanın elmi müəssisə və təşkilatlarının struktur (şöbə, laboratoriya və s.) rəhbərlərini və elmi bölmələrin nəzdində fəaliyyət göstərən elmi nəşrlərin redaksiya heyətlərini təsdiq etmək səlahiyyətlərinin AMEA-nın elmi bölmələrinə verilməsi qərara alınıb.
AMEA Rəyasət Heyəti akademiyanın fəaliyyətini tənzimləyən uyğun normativ-hüquqi sənədlərə dəyişikliklər edilməsi nəzərdə tutulan həmin qərarın ikinci bəndinin icrasını təmin etmək məqsədilə müvafiq qərar qəbul edib.
Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilib.