Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının onlayn iclası keçirilib.
AMEA-dan “Report”a verilən məlumata görə, tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in rəhbəri, akademik Rasim Əliquliyev, Bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin rəhbərləri, direktor müavinləri, elmi katibləri, təhsil, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri, eləcə də gənc alim və mütəxəssislər şuralarının sədrləri iştirak ediblər.
Gündəliyə əsasən, əvvəlcə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət Proqramı və Tədbirlər planından irəli gələn tapşırıqlar müzakirəyə çıxarılıb.
Bu barədə çıxış edən akademik Rasim Əliquliyevin vurğulayıb ki, ölkəmizin Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, II Qarabağ müharibəsindən sonra qarşıda duran prioritet məsələ işğaldan azad olunmuş ərazilərin planlı şəkildə bərpasıdır. Alim vurğulayıb ki, son zamanlar cənab Prezidentin birbaşa rəhbərliyi ilə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir.
Rasim Əliquliyev bildirib ki, haqqında söhbət açılan Tədbirlər planı FRTEB-in elmi müəssisələrinin qarşısında işğaldan azad edilmiş ərazilərin kompleks şəkildə bərpası üçün elmi tədqiqatların aparılması, o cümlədən əkin sahələrinin peyk verilənlərinə görə monitorinq sistemlərinin işlənilməsi, ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi, radiasiya fon durumunun tədqiqi, logistika layihələrinin modelləşdirilməsi, Elektron Qarabağ konsepsiyasının işlənilməsi və reallaşdırılması, eləcə də onlayn platformada Qarabağ ensiklopediyasının hazırlanması işlərinə elmi-metodoloji dəstəyin təmin edilməsi məsələləri və bu kimi digər mühüm vəzifələri qoyur.
Məsələ ilə bağlı çıxış edən Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov diqqətə çatdırıb ki, rəhbərlik etdiyi elmi qurumda artıq AzərEnerji ASC ilə birlikdə Dağlıq Qarabağ və ətraf rayonların bərpa olunan enerji mənbələrinin qiymətləndirilməsi üzrə tədqiqat işlərinə başlanılıb.
Onlayn iclasda müzakirəyə çıxarılan digər məsələ FRTEB-in elmi müəssisələrinin 2021-ci il üzrə elmi tədqiqat planları olub. Elmi müəssisələrin rəhbərləri öz fəaliyyət planlarını tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Aparılan geniş müzakirələrdən sonra FRTEB-in elmi müəssisələrinin cari ildə qarşıya qoyduqları elmi fəaliyyət planları yekdilliklə qəbul edilib.
Ümumi yığıncağın onlayn iclasında müzakirə olunan digər məsələ 2021-ci il, eləcə də 2021-2025-ci illər üzrə elmi tədqiqat planlarına, prioritet elmi istiqamətlərə, xüsusilə də müasir dünyanın çağırışları və ölkəmizin milli maraqlarına müvafiq olaraq, FRTEB-in elmi müəssisələrinin yeni strukturlarının təsdiq edilməsi olub. Qeyd olunub ki, elmi müəssisələrin yeni strukturları bu gün üçün aktuallığını itirən elmi problemlərdən imtina olunması, müasir və aktual elmi istiqamətlərə uyğun strukturların yaradılmasını zəruri edib. Aparılan geniş müzakirələrdən sonra FRTEB-in elmi müəssisələrinin yeni strukturları təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.
Gündəlik üzrə FRTEB-in elmi müəssisələrinin Elmi şuralarının yeni tərkibi müzakirə olunub. Bununla bağlı çıxış edən akademik Rasim Əliquliyev qeyd edib ki, son dövrlərdə cənab Prezidentin sosial, iqtisadi, diplomatik və digər bu kimi çoxsaylı sferalarda apardığı islahatlar AMEA-nın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində də əsas rol oynayır. Bu baxımdan son dövrlərdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə elmi-təşkilati fəaliyyətdə idarəetmənin optimallaşdırılması, əldə olunan innovativ potensiallı elmi nəticələrin istehsalatda çevik tətbiqi, gənc kadrların hazırlanması məqasədilə bir sıra istiqamətlərdə islahatlar həyata keçirilir. Onun sözlərinə görə, aparılan müvafiq struktur islahatları nəticəsində elmi tədqiqat müəssisələrinin Elmi şuralarının tərkibinin yenidən müəyyənləşdirilməsi zərurəti yaranıb.
FRTEB-in Elmi şurasının üzvləri yekdilliklə məsələnin lehinə səs verərək müvafiq müəssisələrin Elmi şuralarının yeni tərkibini təsdiq ediblər. Daha sonra AMEA-nın akademik-katibi, akademik Adil Qəribov AMEA-nın elmi müəssisələrinin büdcədən maliyyələşdirilməsi və təchizatı məsələləri ilə bağlı çıxış edib.
Bu və digər məsələlərlə bağlı aparılan müzakirələrdə akademiklər Telman Əliyev, Əli Abbasov, Yusif Məmmədov, Nazim Məmmədov, Fikrət Əliyev, Ənvər Nəhmədov, AMEA-nın müxbir üzvləri Misir Mərdanov, Oqtay Qasımov, Afiq Həsənov, Namiq Cəlilov, Ramiz Alıquliyev, Bilal Bilalov, Əminağa Sadıqov, Vəli Hüseynov, Qeylani Pənahov, Vaqif İbrahimov, yaxından iştirak ediblər, rəy və təkliflərini səsləndiriblər.
FRTEB-in Ümumi Yığıncağı, həmçinin bir sıra kadr məsələsi ilə bağlı müvafiq qərarlar qəbul edib. Sonda bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavablandırılıb.