Bakı. 26 yanvar. REPORT.AZ/ "Azərbaycanda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar Hacıqabulda vulkan püskürən əraziyə getmək mümkün deyil".
Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev deyib.
O bildirib ki, hava şəraiti normallaşandan sonra Hacıqabul rayonuna, vulkan püskürən əraziyə institutun işçi qrupu gedəcək: "Yəqin ki, bir-iki günə hadisə yerinə mütəxəssislər gedəcək və araşdırma aparılacaq".
Professor qeyd edib ki, hazırda vulkanla bağlı dəqiq məlumat vermək mümkün deyil: "Araşdırmanın nəticələrini gözləmək lazımdır. Əvvəlcədən qeyri-dəqiq məlumat vermək olmaz".
Qeyd edək ki, yanvarın 25-dən 26-na keçən gecə Hacıqabul rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb. Hazırda vulkan püskürməsi davam edir. Vulkan püskürməsi rayon mərkəzindən 20 km. aralıda, Udulu kəndi ərazisindəki Kalaməddin dağında qeydə alınıb. 200 kvadratmetr ərazini əhatə edən vulkan püskürməsinin hündürlüyü təxminən 20 metr olub.