AMEA-da Heydər Əliyevin 100 illiyə ilə bağlı keçiriləcək tədbirlərin icra vəziyyəti müzakirə olunub

AMEA-da Heydər Əliyevin 100 illiyə ilə bağlı keçiriləcək tədbirlərin icra vəziyyəti müzakirə olunub Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Heydər Əliyev İli” çərçivəsində bu elmi qurumun Tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib.
Elm və təhsil
21 Fevral , 2023 14:35
AMEA-da Heydər Əliyevin 100 illiyə ilə bağlı keçiriləcək tədbirlərin icra vəziyyəti müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Heydər Əliyev İli” çərçivəsində bu elmi qurumun Tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib.

"Report" xəbər verir ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Tədbirlər planının respublika və Akademiya miqyasında olmaqla iki istiqamətdə icra olunduğunu deyib.

Yanvarın 10-da AMEA və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda keçirilən elmi konfransla Akademiyada “Heydər Əliyev İli” tədbirlərinə start verildiyini deyən akademik İsa Həbibbəyli iki aya yaxın müddətdə elmi-tədqiqat institutlarında AMEA-nın Tədbirlər planının icrasının uğurla davam etdirildiyini qeyd edib.

“Heydər Əliyev İli” çərçivəsində AMEA-nın respublika miqyaslı tədbirləri sırasında “Heydər Əliyev və Azərbaycançılıq konsepsiyası”, “Heydər Əliyev və Azərbaycanın neft strategiyası” və Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə “Bir millət – iki dövlət” mövzusunda elmi konfransların keçiriləcəyini və “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası” sənədli filminin hazırlanacağını diqqətə çatdırıb.

AMEA rəhbəri, həmçinin il ərzində “Qırmızı kitab”ın Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş III nəşrinin, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası”, “Heydər Əliyev: şəxsiyyətin və fəaliyyətin miqyası”, “Təsviri sənətdə Heydər Əliyev obrazı” (ingilis dilində), “Heydər Əliyev və İlham Əliyev: sabitlik, qüdrətli dövlət və qələbənin fəlsəfəsi” monoqrafiyalarının, Heydər Əliyevin Azərbaycan ədəbiyyatı ilə bağlı Fərman və sərəncamlarından ibarət kitabın, “Azərbaycan alimlərinin Heydər Əliyevlə bağlı xatirələri” kitabının çap olunacağını və “Heydər Əliyev haqqında görkəmli siyasətçilərin və dövlət xadimlərinin xatirələri” elektron nəşrinin hazırlanacağını bildirib və istiqamətdə həyata keçiriləcək tədbirləri müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Akademiya miqyasında keçiriləcək elmi konfransların mövzularını və monoqrafik tədqiqatların istiqamətlərini nəzərə çatdıran AMEA rəhbəri “Heydər Əliyev Ensiklopediyası”nın nəşrinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və qısa müddətdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşlarından ibarət işçi qrup tərəfindən müvafiq sözlüyün hazırlanıb təqdim edildiyini bildirib.

Sonra elmi müəssisə və təşkilatların baş direktorları və çapı nəzərdə tutulan kitabların müəllifləri görülən işlər barədə ətraflı hesabat veriblər. Mövzu ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə akademiklər İradə Hüseynova, Gövhər Baxşəliyeva, Teymur Kərimli, Muxtar İmanov, AMEA-nın müxbir üzvləri Ərtegin Salamzadə, Musa Qasımlı, Qurban Yetirmişli, professorlar Kərim Şükürov, Abbas Seyidov, Nadir Məmmədli, Məmməd Əliyev, Asif Rüstəmli, tarix elmləri doktorları Eynulla Mədətli, Ədalət Qasımov, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev və başqaları çıxış edərək təklif və mülahizələrini səsləndiriblər.

Ümummilli Liderin irsinin daha dərindən öyrənilməsi məqsədilə AMEA-nın elmi potensialının səfərbər edildiyini vurğulayan akademik İsa Həbibbəyli ilin sonunda Rəyasət Heyətinin xüsusi iclası ilə Akademiyanın “Heydər Əliyev İli” tədbirlərinə yekun vurulacağını diqqətə çatdırıb, elmi müəssisə və təşkilatların rəhbərlərinə və işçi qruplarına müvafiq tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi