Bakı. 16 fevral. REPORT.AZ/ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Gənc Alimlər Şurasının bürosunun yeni tərkibi təyin olunub.
"Report" xəbər verir ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Gənc Alimlər Şurasının bugünkü iclasında bu barədə qərar verilib.
Gənc Alimlər Şurasının sədri Rasim Heydərov çıxışında şuranın gələcək fəaliyyətini müəyyənləşdirən vəzifələrdən, bu vəzifələri həyata keçirmək yollarından bəhs edərək institut gəncliyini bu istiqamətdə fəaliyyət göstərməyə çağırıb.
İclasa yekun vuran institutun elmi işlər üzrə direktor müavini Məhəbbət Mirzəliyeva gənc alimlərin qarşısında duran vəzifələrdən söz açaraq bildirib ki, “Gənclik təşəbbüskar, arzu və amalların gerçəkləşdirilməsi yolunda mübariz, elmi fəaliyyətində yaradıcı olmalıdır.
Gəncliyin sabahın layiqli ziyalısı kimi formalaşdırılması, onların elmin yollarında inamla irəliləməsi və Azərbaycan dilçiliyinin ön sıralarında mövqe tutması üçün yaşlı nəslin də üzərinə böyük məsuliyyət düşür. İnstitutun gənc elmi qüvvələrini birləşdirən Gənc Alimlər Şurasının fəaliyyətində dönüş yaranmalıdır”.
M.Mirzəliyeva həmçinin qeyd edib ki, Şuranın nəzdində “Gənc tədqiqatçının tribunası” seminar-məktəbi təşkil olunmalı, orta təhsil müəssisələri ilə əlaqə gücləndirilməli, institutun ənənəsinə sadiq olaraq orta məktəblərdən birinə hamilik edilməli və həmin məktəbdə “Azərbaycan dili cəmiyyəti” yaradılmalıdır.
Gənc dilçilərin daha fəal və yaradıcı şəkildə çalışmalarını məqsədəuyğun hesab edən Məhəbbət Mirzəliyeva yeni seçilmiş heyətə uğurlar diləyib.