Ali Məktəblə “TechnipFMC” arasında gələcək əməkdaşlıq müzakirə olunub

Ali Məktəblə “TechnipFMC” arasında gələcək əməkdaşlıq müzakirə olunub Bakı Ali Neft Məktəbinin (BANM) rekoru Elmar Qasımov İtaliyanın neft-qaz şirkəti “TechnipFMC”-nin MDB ölkələrinin kommersiya üzrə Vitse-prezidenti Luiji Fiorentino ilə görüşüb.
Elm və təhsil
24 Avqust , 2020 11:45
Ali Məktəblə “TechnipFMC” arasında gələcək əməkdaşlıq müzakirə olunub

Bakı Ali Neft Məktəbinin (BANM) rekoru Elmar Qasımov İtaliyanın neft-qaz şirkəti “TechnipFMC”-nin MDB ölkələrinin kommersiya üzrə vitse-prezidenti Luiji Fiorentino ilə görüşüb.

Bu barədə "Report"a BANM-dən məlumat verilib. 

Görüş zamanı şirkətin təşəbbüsü ilə Azərbaycanda planlaşdırılan gələcək layihələr barədə müzakirələr aparılıb.

Görüşdə 2019-cu ildə Heydər Əliyev Fondu və “TechnipFMC” tərəfindən həyata keçirilən “Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı“ layihəsinin qalibləri olan, hazırda “TechnipFMC” şirkətində Kiçik proses mühəndisi vəzifəsində çalışan BANM məzunları, eləcə də şirkətin Ofis meneceri və Layihələr üzrə məsul şəxsi Səbinə Abbasova  da iştirak edib.

Rekor Elmar Qasımov ölkəmizdə İtaliya şirkətləri ilə mühəndislik, neft-kimya, tikinti və texnologiyalar sahəsində müəssisələrin tikilməsi və yenidənqurulması istiqamətində birgə işlərin həyata keçirildiyini, təhsil sahəsində də yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün birgə maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin reallaşdırıldığını qeyd edib. Bu əməkdaşlıq çərçivəsində digər İtaliya şirkətləri kimi “TechnipFMC” ilə də Bakı Ali Neft Məktəbi arasında uğurlu əlaqələrin mövcudluğunu vurğulayan E.Qasımov Ali Məktəbin tələbə və məzunlarının şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirakını və işlə təminatını bunun əyani sübutu kimi xarakterizə edib.

Şirkətin vitse-prezidenti Luiji Fiorentino bildirib ki, “TechnipFMC” Azərbaycanda ənənəvi neft-qaz sahəsində olan layihələri ilə yanaşı dayanıqlı sənayeni, yaşıl texnologiyaları təşviq edir və ən güclü texnologiya provayderlərindən biridir. O bildirib ki, hazırda Mingəçevirdə ilk bioplastik (PLA) zavodunda şəkərin bioplastikə çevrilməsi prosesinə dəstək üçün nəzərdə tutulan layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır. Bundan başqa, İsmayıllıda ‘biokütlədən bio-neftə’ - yəni kənd təsərrüfatı tullantılarının bio-enerjiyə çevrilməsi üzrə kiçik müəssisənin yaradılması istiqamətində də danışıqlar aparılır.

“TechnipFMC” şirkətinin məqsədi təcrübəli ekspertər vasitəsilə Azərbaycanda innovativ texnologiyaları inkişaf etdirmək və laboratoriya mərhələsindən sənayedə tətbiqinə nail olmaqdır. Bu layihədə ölkənin universitetləri və sənaye qurumlarında çalışan mütəxəssislərin dəstəyi nəzərdə tutulur və eyni zamanda, texnoloji biliklərin ötürülməsi məqsədi ilə reallaşdırılacaq layihələrə BANM-in Magistratura pilləsində oxuyan tələbələr də cəlb olunacaqlar”, –  L.Fiorentino əlavə edib.

Şirkət nümayəndəsi həmçinin qeyd edib ki, yaşıl və alternativ texnologiyalar mövzusunda potensial əməkdaşlıqların yaradılması üçün marağı olan müxtəlif qurum və şirkətlərin birgə görüşlərini təşkil etmək və regionda maarifləndirməni genişləndirmək məqsədi ilə Dayanıqlı Enerjiyə Keçid üzrə Şuranın yaradılması, texniki müzakirə və dəyirmi masaların təşkili planlaşdırılır.

Sonda İsmayıllıda tikilməsi nəzərdə tutulan biokütlənin bio-neft enerjiyə çevrilməsi üzrə kiçik müəssisənin yaradılması ilə bağlı layihənin təqdimatının aidiyyəti qurumların iştirakı ilə BANM-də keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi