Bakı. 14 yanvar. REPORT.AZ/ "Özəl elmi müəssisələrin yaradılması məsələsi Milli Məclis və AMEA-da müzakirə olunacaq. Əgər parlament qərar qəbul etsə və ölkə başçısı bu təklifi təsdiqləsə, o zaman özəl elmi müəssisələr yaradılacaq". "Report" xəbər verir ki, bu barədə AMEA prezidenti Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, özəl elmi müəssisələr yaransa da, Akademiya onlardan ehtiyat etməyəcək: "Çünki həmin müəssisələrdə çalışacaq insanlar da məhz Azərbaycan alimləri olacaq və öz tədqiqatlarını aparacaqlar. Özəl elmi müəssisələrin sayı nə qədər çox olsa, o zaman Akademiyanın da işi bir o qədər asanlaşar. Çünki Akademiya onlarla koordinasiyaı şəkildə işləyəcək. Ancaq həmin özəl elmi müəssisələrin Akademiyanın səviyyəsinə çata biləcəklərinə inanmıram. Onlar sırf bir istiqaməti əhatə edəcəklər. Misal olaraq, hansısa aqrar və ya sənaye istiqaməti üzrə fəaliyyət göstərəcək. Ona görə də özəl elmi müəssisələr dar çərçivədə olacaq".