Bakı. 31 oktyabr. REPORT.AZ/ "Azərbaycanda əksər insanlar öz evlərində formal təhsil sistemindən kənarda çox zəngin təcrübəni, bacarıqları və bilikləri əldə ediblər".
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyinin Əməliyyatlar şöbəsinin rəhbəri vəzifəsini icra edən Aleksandra Nerisanu "İnformal və qeyri-formal üsullarla əldə edilmiş bacarıqların tanınması" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın milli səviyyədə inkişafının irəliyə doğru aparılmasında həmin insanların əmək bazarında iştirakı çox vacibdir: "Onların cəmiyyətə verdikləri töhfə böyük ola bilər. Bu, bizim marağımızdadır ki, vətəndaşlara bu kimi imkanlar verilməli və bununla bağlı sənədlər bazası hazırlanmalı, onların bacarıqları rəsmi şəkildə tanınmalıdır. Hətta onlar bunu əldə etdikdən sonra təhsil və tədrislərini davam etdirə bilərlər. Bu, öz növbəsində, məşğulluğa qarşı xüsusi mübarizənin aparılmasına töhfə verə bilər".
A.Nerisanu bildirib ki, bununla bağlı könüllü şəkildə də iş aparıla bilər: "Bu da gənclər arasında olan marağı daha da artırar. Odur ki, biz bu prosesdə Azərbaycanı dəstəkləməkdən olduqca məmnunuq. Çünki təhsilin bütün pillələrinə verilən dəstək Avropa İttifaqının Azərbaycandakı fəaliyyətinin tam mərkəzində dayanan məfhumdur. Ona görə də daim Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edirik".
Azərbaycanda son illərdə peşə təhsili sahəsinə xüsusi diqqət yetirildiyini və bir çox layihələrin həyata keçirilməsində xüsusi səylərin göstərildiyini xatırladan Aİ rəsmisi vurğulayıb ki, bu, hələ son deyil: "Bununla məhdudlaşmaq olmaz və gedəcəyimiz yol hələ uzundur. Təhsilə verilən dəstək bundan sonra da yüksələn xətlə davam edəcək".