Diplomların tanınması məsələsində imtina cavablarının əsas səbəblərindən biri müvafiq universitetin akkreditasiyasının olmamasıdır.
“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sədri Tural Əhmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, son bir ilin statistikasına baxdıqda, diplomların tanınmasından imtina sayında azalmanın olduğu müşahidə edilir:
"Lakin hələ də diplomların tanınması məsələsində meyarlara uyğun olmayan tələbələr var. Müşahidələr göstərir ki, vətəndaşın xarici ölkələrə üz tutanda, universitetləri araşdırması zəruridir.
Bəzən vətəndaş akkreditasiyası olsa belə, universiteti diplom naminə seçir. Lakin diplomların tanınması zamanı müşahidə edilən göstəricilər məyusluq doğurur”.
Agentlik sədri qeyd edib ki, diplomların tanınması prosesində sui-istifadə hallarına rast gəlinir:
"Bəzən təbii fəlakətlər kimi hadisələrdə biz artıq həmin ölkədə baş verən prosesin miqyasına və mövcud qərarlara baxırıq".