Emin Əmrullayev: "Ağalı məktəbində 65 şagird təhsilə cəlb olunub, sayın artması gözlənilir"

Emin Əmrullayev: "Ağalı məktəbində 65 şagird təhsilə cəlb olunub, sayın artması gözlənilir" “Uzun müddətdən sonra ilk dəfə Zəngilan rayonunun Ağalı kəndindəki tam orta məktəbdə zəng çalınıb. Bu gün həqiqətən də fərqli Bilik günüdür. Hesab edirəm ki, bu, böyük prosesin başlanğıcıdır. Bu gün həm qürurverici, həm də ümidvericidir”.
Elm və təhsil
15 Sentyabr , 2022 10:41
Emin Əmrullayev: Ağalı məktəbində 65 şagird təhsilə cəlb olunub, sayın artması gözlənilir

“Uzun müddətdən sonra ilk dəfə Zəngilan rayonunun Ağalı kəndindəki tam orta məktəbdə zəng çalınıb. Bu gün həqiqətən də fərqli Bilik Günüdür. Hesab edirəm ki, bu, böyük prosesin başlanğıcıdır. Bu gün həm qürurverici, həm də ümidvericidir”.

“Report” xəbər verir ki, bunu həmin məktəbdə tədris ilinin başlanması tədbirində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Ağalı məktəbində 65 şagird təhsilə cəlb olunub:

“Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Ağalı sakini olan 14 müəllim tədris deyəcək. Sevindirici hal idi ki, burada işləmək üçün təxminən 800-ə yaxın müəllim müraciət etmişdi. Sakinlərin köçü davam etdiyindən yaxın həftələrdə şagird sayının artması gözlənilir. Kompleksdə həmçinin məktəbəqədər təhsil müəssisəsi də fəaliyyət göstərəcək. Əminəm ki, Ağalı kənd tam orta məktəb təhsil sisteminin ən üzdə olan məktəblərindən biri olacaq”.

O qeyd edib ki, hazırda Prezident İlham Əliyevin müxtəlif sərəncamları ilə işğaldan azad olunan ərazilərdə təhsil infrastrukturunun qurulması üçün işlərə başlanılıb: "Şuşa və Ağdam məktəbi bu tədris ilinin sonu artıq tam hazır olacaq, bəlkə də bir az daha tez. Növbəti tədris ilindən o məktəblərdə də ilk zəng çalınacaq. Bunlar böyük - 960 nəfərlik məktəblərdir. Cəbrayıl və Füzuli bölgələrində məktəblərdə tikinti işləri başlanılıb. Suqovuşan qəsəbəsindəki məktəb təmirdən sonra hazır vəziyyətdədir. Füzuli peşə liseyinin hazırlıq prosesi bitmək üzrədir. Şuşa Real məktəbinin də artıq layihələndirilməsi bitib. Bütün bu layihələr özlüyündə 10 minlərlə şagirdi əhatə edəcək". 

Nazir əlavə edib ki, şəhərsalma-proqnozlaşdırma baxımından köçürüləcək əhalinin planlaşdırılması, hazırda müxtəlif bölgələrdə fəaliyyətdə olan məktəblərin düzgün şəkildə köçürülməsi, o cümlədən müəllimlərin işlə təmin olunması, bu bölgələrdə keyfiyyətli tədrisin təmin edilməsi kimi layihələr üzərində işlənilir.

Son xəbərlər

Orphus sistemi