ADNSU-nun rektoru Energetika Nazirliyinə müraciət edib

ADNSU-nun rektoru Energetika Nazirliyinə müraciət edib Ali məktəbdə açıq qapı günü keçirilib
Elm və təhsil
10 Dekabr , 2016 16:35
ADNSU-nun rektoru Energetika Nazirliyinə müraciət edib

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində açıq qapı günü keçirilib. 

Universitetin İctimaiyyətlə əlaqələr sektorundan “Report”a verilən məlumata görə, tədbirdə universitetin rektoru, prof. Mustafa Babanlı, universitetin professor və müəllim heyəti, eləcə də tələbələr və onların valideynləri iştirak edib. Rektor, professor M.Babanlı tədbiri açıq elan edərək ümummilli lider Heydər Əliyevin ildönümünü bir dəqiqəlik sükutla yad ediblər.

Rektor görüşdə müzakirə olunacaq məsələləri tələbələrin nəzərinə çatdırıb. O, elmi konfransların keçirilməsinin universitetin təhsil sisteminin, eləcə də “eazi start” startap məktəbinin inkişafına verəcəyi töhfədən danışıb. M.Babanlı gündəlik təcrübənin universitetdə ən çox diqqət yetirilən məsələlərdən biri olduğunu, bu məsələnin təkcə fakültə dekanları deyil, eləcə də universitet rəhbərliyi, hətta nazirlik səviyyəsində, nazirliyin kollegiyasında müzakirə olunduğunu qeyd edərək tələbələrin müəssisələrdə gündəlik təcrübə keçməsi barədə məlumat verib.

ADNSU-nun Energetika Nazirliyinə müraciət etdiyini və ilin sonunadək olmasa da yanvar ayında nazirliyin balansında olan müəssisələrdən birində universitet adından təqdimatla çıxış edəcəyini diqqətə çatdıran rektor M.Babanlı görüşdə ali məktəbin məqsədi, müəssisələrlə əməkdaşlığın inkişaf etdirilməsi, tələbələrin müəssisələrə gündəlik təcrübəyə göndərilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verəcəyini bildirib. “Bu istiqamətdə təkcə bir nazirliklə deyil, digər nazirliklərlə əlaqələrin yaradılmasına çalışırıq. Özündə həm daxili, həm də xarici şirkətləri birləşdirən Caspian European Club-ın diplomu universitetə təqdim olunub, yaxın günlərdə klubun iclasında məruzə ilə çıxışım nəzərdə tutulub. Həmin çıxış zamanı da gündəlik təcrübə məsələsinə toxunacağam”, - deyə rektor, professor M.Babanlı söyləyib.

Rektor M. Babanlı dekabrın 17-də universitetdə kariyera sərgisinin keçiriləcəyini, tələbələrin, xüsusilə III-IV kursda və magistr pilləsində təhsil alan tələbələrin sərgidə aktiv iştirak etməli olduqlarını, bu kimi tədbirlərin ali məktəbdə tez-tez keçiriləcəyini, buna xüsusi olaraq hazırlaşdıqlarını bildirib. Sərgidə həm müəssisələrin, həm də tələbələrin qarşısına tələblər qoyulduğunu söyləyən rektor M.Babanlı vurğulayıb ki, müəssisələr mütləq iş yerləri təklif etməli, tələbələr isə universitetə bağlılıqlarını təsdiq etməlidir.

Tədbirdə buraxılış işi, buraxılış işinə prioritet mövzuların seçilməsi, bu sahədə dekan və müəllimlərin birgə fəaliyyət göstərməli olduqları, universitetdə islahatlardan sonra bazada 10 mindən artıq buraxılış işinin saxlanıldığı vurğulanıb.

Rektor M.Babanlı qarşıda duran əsas məsələlərdən birinin tələbələrin mühazirələrə olan münasibətinin dəyişməsi olduğunu qeyd edərək bunun üçün keçən il keçirilən “Mənim mühazirəm” layihəsinin, bu il keçiriləcək təqdimat layihəsinin dərsin metodologiyasına göstərəcəyi təsirdən, onun daha interaktiv formada keçiriləcəyindən danışıb. Rektor həmçinin imtahanın keçirilməsi və təşkili qaydasına, elektron universitetin vəzifə və öhdəlikləri, imtahanlarda köçürülmə məsələlərinə də toxunub.

Sonda rektor Mustafa Babanlı sərbəst iş, tələbə-müəllim münasibətləri və s. bağlı tələbələrin suallarını cavablandırıb. 

Son xəbərlər

Orphus sistemi