"ADA" Universiteti diplomatlar üçün daha bir təlim proqramını başa vurub

"ADA" Universiteti diplomatlar üçün daha bir təlim proqramını başa vurub İxtisasartırma proqramı 41 gənc və orta səviyyəli diplomatını əhatə edib
Elm və təhsil
22 Dekabr , 2014 11:18
ADA Universiteti diplomatlar üçün daha bir təlim proqramını başa vurub

Bakı. 22 dekabr. REPORT.AZ/ "ADA" Universiteti diplomatlar üçün daha bir təlim proqramını başa vurub.

Bu barədə "Report"a  "ADA"nın kommunikasiya departamentindən məlumat verilib.

"ADA" Universitetinin İxtisasartırma proqramı 41 gənc və orta səviyyəli diplomatını əhatə edib. Bununla bağlı "ADA" Universitetinin rektoru Hafiz Paşayev və "ADA" İxtisasartırma Proqramının direktoru Aygün Hacıyeva, o cümlədən proqram çərçivəsində müxtəlif mövzularda iştirakçılara təlim verən "ADA" Universitetinin administrasiya və professor heyəti çıxış edərək, diplomatlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Hafiz Paşayev artıq 8 ildir ki, keçirilən bu proqramın Azərbaycanda yeni nəsil diplomatların hazırlanmasında böyük xidmət göstərdiyini vurğulayıb. 

Aygün Hacıyeva 2007-ci ildən fəaliyyət göstərən "ADA" İxtisasartırma Proqramının bu günə qədər hökumət və biznes sektorunda fəaliyyət göstərən 786 Azərbaycanlı, Asiya, Afrika, Yaxın Şərq, Latın amerikası, ABŞ və Avropadan 506-ya qədər xarici diplomatın müxtəlif mövzularda bacarıqlarının təkmilləşdirilməsində göstərdiyi xidməti qeyd edib.

"Yerli diplomatlar üçün keçirdiyimiz bu təlim zamanı 41 gənc diplomat liderlik bacarıqları, effektiv kommunikasiya, komandada işləmək bacarıqları, iş görüşlərinin düzgün idarə edilməsi, danışıqlar aparmaq bacarıqları, natiqlik, o cümlədən ictimai diplomatiyada mövcud tendensiyalar, media ilə əlaqələrin qurulması, Azərbaycanşünaslıq kimi mövzular üzrə təlimlər keçiblər”, - deyə Hacıyeva bildirib.

Qeyd edək ki, təlim proqramının təlimçiləri arasında "ADA" Universitetinin dekanları, prorektorları və professor heyəti ilə yanaşı, Polşa, Malta və digər ölkələrdən gəlmiş müstəqil konsultantlar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndələri, parlament üzvləri, o cümlədən Azərbaycanda akreditə olunmuş bir sıra səfirliklərin nümayəndələri var.

Son xəbərlər

Orphus sistemi