ADA Universiteti ABŞ-la akademik tərəfdaşlıq edəcək

ADA Universiteti ABŞ-la akademik tərəfdaşlıq edəcək ADA Universiteti ABŞ-ın Corc Vaşinqton Universiteti ilə akademik tərəfdaşlıq haqqında razılaşma imzalayıb.
Elm və təhsil
6 Mart , 2020 02:02
ADA Universiteti ABŞ-la akademik tərəfdaşlıq edəcək

ADA Universiteti ABŞ-ın Corc Vaşinqton Universiteti ilə akademik tərəfdaşlıq haqqında razılaşma imzalayıb. 

ADA-dan "Report"a verilən məlumata görə, razılaşma çərçivəsində universitetlər Bakıda və Vaşinqtonda tədris olunan birgə proqramlar həyata keçirəcək, pedaqoji heyətin inkişafı üzrə əməkdaşlıq edəcək və tədqiqat layihələri aparacaqlar.

Razılaşmaya əsasən həyata keçirilən ilk tərəfdaşlıq ADA Universiteti və Corc Vaşinqton Universiteti tərəfindən təklif olunan Kompüter elmləri və Data analitikası üzrə yeni magistr proqramının açılmasıdır. Proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” vasitəsilə və BP və tərəfdaşları tərəfindən maliyyələşdirilir.

Tədris yay semestri də daxil olmaqla, beş semestr ərzində aparılacaq. Bu semestrlərdən üçü Bakıda, ikisi isə Corc Vaşinqton Universitetində keçiriləcək. Vaşinqtondakı təhsil müddəti ərzində tələbələr Corc Vaşinqton Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin müasir laboratoriya və tədqiqat mərkəzlərindən faydalanmaq imkanı əldə edəcəklər.

Proqramın məzunları ADA Universiteti və Corc Vaşinqton Universitetindən magistr dərəcəsi əldə edəcəklər.

Tələbələrin hər iki universitetdə təhsil haqqı, Vaşinqtona səfəri və oradakı yaşayış xərcləri Dövlət proqramı və BP və tərəfdaşları tərəfindən ödənilir.

Proqrama qəbul üçün namizədlərdən müvafiq sahədə bakalavr dərəcəsi və ingilis dili bilikləri tələb olunur. Müraciət üçün son tarix aprelin 17-dir. 

Bütün maraqlanan namizədlər əlavə məlumat üçün ada.edu.az/csda veb səhifəsinə daxil olmaqla və ya [email protected] elektron ünvanına məktub yazmaqla ya da (+99450) 274 95 52 nömrəsinə zəng etməklə Qəbul Şöbəsi ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi