“Abituriyent” jurnalının 12-ci nömrəsi təqdim olunub

“Abituriyent” jurnalının 12-ci nömrəsi təqdim olunub Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsinin təqdimatını keçirib.
Elm və təhsil
10 İyun , 2022 13:30
“Abituriyent” jurnalının 12-ci nömrəsi təqdim olunub

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsinin təqdimatını keçirib.

"Report" xəbər verir ki, tədbirə gələn qonaqlar əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar.

Daha sonra “Abituriyent” jurnalının nəşrlərinə dair sərgiyə baxış keçirilib.

Təqdimat mərasiminin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Vətənimizin müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan M.Abbaszadə ilk olaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlər içərisində onun təhsilə və mütəxəssis hazırlığına xüsusi diqqət və qayğısından danışıb. Ardınca H.Əliyevin 2002-ci ildə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrlə görüşündən videofraqment nümayiş etdirilib.

Sədr qeyd edib ki, 1994-cü ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, 2016-cı ildən isə Dövlət İmtahan Mərkəzi tərəfindən respublikada keçirilən müxtəlif səpkili imtahanların ayrı-ayrı istiqamətləri və çoxsaylı parametrləri üzrə elmi-statistik təhlillər aparılır. İstər namizədlər arasından seçim etmək, istərsə də namizədlərin standartlara uyğunluğunu müəyyənləşdirmək məqsədi daşıyan bu imtahanların nəticələrinin təhlilləri hamı üçün açıqdır və DİM‑in internet saytında yerləşdirilərək ictimaiyyətə təqdim olunur. Burada ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə üzrə, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, onların əsas parametrləri əhatəli şəkildə araşdırılır, təklif və tövsiyələr irəli sürülür. Bunlardan bəziləri – “Ayrı-ayrı rayonların qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumatlar”, “Qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri”, “Kənd təsərrüfatı profilli ixtisaslar statistikada”, “Neft-qaz profilli ixtisaslar statistikada” “Abituriyent” jurnalının 12-ci nömrəsinə əlavə kimi ayrıca kitabça şəklində nəşr edilir.

Sədr bildirib ki, aparılan elmi-statistik təhlillər ölkə təhsilindəki müsbət təmayülləri üzə çıxarır, eyni zamanda təhsildəki problem və çatışmazlıqları da göstərir, onların aradan qaldırılması ilə bağlı müvafiq təklif və tövsiyələr irəli sürür.

Daha sonra M.Abbaszadə əsas buraxılış imtahanı fənləri üzrə bəzi statistik göstəriciləri diqqətə çatdırıb, DİM və dövlət orqanları arasında inteqrasiya əsasında fəaliyyət məsələlərinə toxunub, Mərkəzin yeni elektron xidmətləri haqqında məlumat verib.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev cəmiyyətin tərəqqisində təhsilin vacib rolundan və bu sahənin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. E.Əmrullayev “Abituriyent” 12 jurnalının təhsil sahəsində müzakirə aparmaq üçün əvəzsiz mənbə olduğunu bildirib və orada olan təhlillərin daha da dərin tədqiqatlara yol açmalı olduğunu və bunun sayəsində irəli gedə biləcəyimizi qeyd edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxışında aparılan elmi-statistik təhlillərin əhəmiyyəti, ali təhsil müəssisələrinə qəbul prosesi və təhsilin müasir problemlərindən bəhs edib.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar Mərkəzin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması sektorunun müdiri Aydın Qasımov, Elektron imtahanların təşkili sektorunun müdiri Tural Dünyamalıyev və Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov tərəfindən edilən təqdimatlar vasitəsilə yazı işlərinin elektron yoxlanılması, onlayn apellyasiyaların təşkili və DİM tərəfindən təklif olunan psixoloji xidmətlər barədə məlumatlar əldə ediblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi