Zaqatalada 16 min sakin içməli su tapmır

Zaqatalada 16 min sakin içməli su tapmır Zaqatalanın iki ən böyük kəndləri olan Yuxarı Tala və Aşağı Talanın sakinləri uzun illərdir ki, içməli suyun olmamasına görə əziyyət çəkirlər.
Ekologiya
26 May , 2022 16:16
Zaqatalada 16 min sakin içməli su tapmır

Zaqatalanın iki ən böyük kəndləri olan Yuxarı TalaAşağı Talanın sakinləri uzun illərdir ki, içməli suyun olmamasına görə əziyyət çəkirlər.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, kəndlərin istismar müddətini başa vurmuş su xəttlərini isə elə sel suları sıradan çıxarıb. Sakinlər suyu ya nəqliyyat vasitəsi ilə uzaq məsafələrdən daşımağa, ya da almağa məcbur olurlar.

Aşağı Tala kəndi ərazisində qazılan 7 ədəd subartezian quyuları kəndin sadəcə 15-20 faizinin su təlabatını ödəyə bilir.

Sakinlərin sözlərinə görə, kəndlərə gələn su xəttləri ötən əsrin 60-70-ci illərində istifadəyə verildiyindən artıq öz istismar müddətini başa vurub:

"Mövcud su xətləri onsuz da suya ola tələbatımızı ödəmirdi. Ötən ilin sentyabr ayında baş verən sel nəticəsində filtirizasiya sistemləri tamamilə sıradan çıxdığından su gəlsə belə bulanıq şəkildə verilir. Problemi həll etmək üçün su sistemlərinin də tamamilə dəyişilməsinə ehtiyac var".

Aşağı Tala kənd bələdiyyəsinin sədri Vüqar Abdurrəhmanov "Report"un yerli bürosuna bildirib ki, Aşağı Tala və Yuxarı Tala kəndlərinin su şəbəkəsi eyni mənbədə və eyni su xəttinin üzərində yerləşir: "Bu su xəttləri 70-ci illərdə çəkilmiş su xəttləridir. Su xəttləri çəkildikdən sonra hər iki kəndin əhalisi iki dəfədən çox artıb. Aşağı Tala kəndinin əhalisi 7500 nəfərə yaxındır. Kənd əhalisinin əksər hissəsi içməli suyu vəsait xərcləyərək alır, və yaxud da uzaq məsafələrdən su maşınları ilə gətirir. Biz son 3-4 ildə həmin su xəttlərinin təmirini aparsaq da həmin işlərin effekti olmayıb. Belə ki, köklü şəkildə həmin su xəttinin və su filtirlərinin yenidən qurulmasına ehtiyac var. Su mənbəyindən Aşağı Tala kəndinə qədər olan məsafə 6-7 km təşkil edir. Həmin məsafədə olan su xəttləri də çürüyüb, bəziləri isə tamamilə sıradan çıxıb."

Bələdiyyə sədri onu da əlavə etdi ki, kəndin içməli su problemi ilə bağlı həm bələdiyyə, həmdə rayon icra hakimiyyəti tərəfindən aidiyyatı üzrə "Azərsu" ASC-ə müraciət olunub.

"Azərsu" ASC-nin Zaqatala sukanal sahəsinin rəisi Samir Hüseynov "Report"un yerli bürosuna bildirib ki, Zaqatala rayonunun Yuxarı Tala və Aşağı Tala kəndlərində yaşayan 16 min sakinin susuz qalmasına səbəb 2021-ci ilin payız aylarında dağlarda yağan leysan yağışları nəticəsində su xəttlərinin sıradan çıxmasıdır: "Həmin kəndlərin su xəttləri bələdiyyə balansında olduğundan adıçəkilən kəndlərə "Azərsu" ASC deyil, bələdiyyələr xidmət göstərir."

Son xəbərlər

Orphus sistemi