Xidmət rəsmisi: Şam ağacları iqlim dəyişikliyi amillərinə qarşı həssasdır

Xidmət rəsmisi: Şam ağacları iqlim dəyişikliyi amillərinə qarşı həssasdır Şam ağacları iqlim dəyişikliyi amillərinə, xüsusən də quraqlıq stresinə çox həssasdırlar. Nəticədə ağaclar həm quruyaraq sıradan çıxır, həm də zərərvericinin sayında kəskin artım müşahidə edilir.
Ekologiya
9 Avqust , 2024 15:46
Xidmət rəsmisi: Şam ağacları iqlim dəyişikliyi amillərinə qarşı həssasdır

Şam ağacları iqlim dəyişikliyi amillərinə, xüsusən də quraqlıq stresinə çox həssasdırlar. Nəticədə ağaclar həm quruyaraq sıradan çıxır, həm də zərərvericinin sayında kəskin artım müşahidə edilir.

"Report" xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi, biologiya elmləri doktoru Vahid Fərzəliyev deyib.

Onun sözlərinə görə, Aran bölgəsində şam ağaclarının xəstəlik və zərərvericilərə daha kütləvi yayılması müşahidə edilir.

Xidmət rəsmisi bildirib ki, zərərvericilərin daha geniş ərazilərə yayılmasının qarşısının alınması üçün yaşıllıqlara göstərilən sanitar-sağlamlaşdırıcı tədbirlər artırılmalıdır:

"Ağaclara normal aqrotexniki qulluq göstərilməlidir. Quraqlıq və antropogen stresə məruz qalan ağaclar vaxtında suvarılmalıdır. Həmçinin ağaclar müxtəlif qida maddələri, üzvü və mineral gübrələrlə qidalandırılmalıdır. Xüsusən qumsal torpaqlarda ağacların daha zəif inkişaf edir, zərərvericilərə daha çox yoluxur. Problemin həlli üçün bu cür hallarda əraziyə torpaq analizləri hesabına çatışmayan qida elementləri verilməli, isti yay və quraqlıq dövrlərində 7-10 gündən bir ağaclar bol suvarılmalı, suyun torpağın daha dərin qatlarına keçməsi təmin olunmalıdır".

Onun sözlərinə görə, son illərdə qışın mülayim və şaxtasız keçməsi qabıq böcəklərinin daha sürətlə artmasına şərait yaradır: "Bu böcəklərin aktiv olduğu ərazilərdə şam ağaclarının gövdəsində spesifik deşiklərin olduğu, iynə yarpaqların yaşıldan sarı və qəhvəyi rəngə çevrildiyi müşahidə edilir. Qurumuş və qurumaqda olan ağacların həm xəstəliyi yaydığını, həm də ətrafdakılar üçün təhlükə mənbəyi olduğunu nəzərə alsaq, kəsilərək sahədən uzaqlaşdırılması vacib şərtlərdən biridir. Gələcəkdə daha çox qarışıq əkinlərə üstünlük verilməlidir, çünki bu cür əkinlər daha davamlı olurlar".

Son xəbərlər

Orphus sistemi