Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Zirə qəsəbəsi sahilində təmizlik aksiyası keçirilib.
"Report" xəbər verir ki, aksiyada ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, nazirliyin, diplomatik korpusun, səfirliyin nümayəndələri, Nargis jurnalının əməkdaşları və 30-a yaxın könüllü iştirak edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Ümumrespublika Təmizlik Marafonu "Təmiz ölkəm" devizi altında artıq hər həftənin 4-cü və 6-cı günləri bütün ölkə ərazisinin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edir: "Bu gün isə Zirə qəsəbəsində aksiyanı keçirdik və 1,5 hektar ərazidən 500 kiloqrama yaxın məişət tullantıları topladıq".
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva qeyd edib ki, təbiəti qorumaq üçün maarifləndirmə işləri aparılmalıdır: "Mən həmkarlarımla birlikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu tədbirinə qoşulduğuma görə çox şadam. Ənənəvi keçirilən bu kimi tədbirlərlə tullantıların çimərliklərdə azaldığını görürük. Burada görülən təmizlik işləri bunun bariz nümunəsidir və biz təbiətimizi qorumaq üçün maarifləndirmə işləri aparmalıyıq. Azərbaycan noyabrda dünya iqlim konfransına ev sahibliyi edəcək. Bilirsiniz ki, biz iqlim dəyişikliyi barədə müzakirələr aparırıq. Bununla təbiəti qorumaq üçün elə öz həyət və bağçamızdan başlamağın vacibliyini çatdırmaq istəyirik. Onu da qeyd etmək istərdim ki, övladlarımıza da planetimizi qorumaq üçün tədbirlər görməyi öyrətməliyik".
Aksiyada Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer də iştirak edib.
"Ətraf mühitin təmizliyi hər birimiz üçün önəmlidir və bunu etmək hər birimizin borcudur. Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyi olaraq bu işdə bizim də payımız oldu. Gələcəkdə övladlarımız üçün ətraf mühitin təmizliyi hər birimizin məsuliyyətidir", - U.Turganer deyib.
Aksiyadan sonra Abşeron Milli Parkında "Yarat-Tullantını azalt" çağırışı ilə tullantılardan hazırlanmış əl işlərinin sərgisi təşkil olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova bildirib ki, ətraf mühitin tullantı yükünün azaldılmasına, təkrar istifadənin, təkrar emalın təşviqinə hədəflənən sərgidə tullantılardan sənət əsərlərinə çevrilən eksponatlar təkrar istifadənin nümunəsi olaraq təqdim edilib. ETSN-nin təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin, "EkoSfera" Sosial Ekoloji Mərkəzin və "Forest school Azerbaijan"ın dəstəyi ilə keçirilən tədbirdə məktəblilər tullantılardan müxtəlif əşyalar hazırlayıblar.