Yuxarı

Dünya Təbiəti Mühafizə Fondu xəbərdarlıq edib: Dənizdəki canlıların sayı yarıya enib

Məməlilərin, dəniz quşlarının, balıqların və sürünənlərin sayı 49 faiz azalıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Alimlər dənizlərdəki canlı sayının azalması ilə bağlı xəbərdarlıq edib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, elm adamları 1970-ci ildən bu günə qədər su altında yaşayan məməlilərin, dəniz quşlarının, balıqların və sürünənlərin sayının 49 faiz azaldığını bəyan ediblər.

Bununla bağlı Dünya Təbiəti Mühafizə Fondu (WWF) London Zoologiya İcması ilə birgə tədqiqat aparıb. Nəticələrə əsasən, insanların yemək məqsədilə istehlak etdikləri dəniz canlılarının sayındakı tənəzzül günü-gündən sürətlənir. Misal olaraq, ton balığı və skumbriyanın sayında 74 faiz azalma müşahidə olunur.

Eyni zamanda, Asiya ölkələrində bahalı qida məhsulu olan dəniz bitkilərinin sayında da son illərdə 90 faiz azalma qeydə alınıb.

Fondun rəhbəri Marko Lambertini bildirib ki, dəniz canlılarının sayının azalmasında insan amili xüsusi rol oynayır: "Son zamanlar balıq ovunun sayı artıb. Bundan başqa, su altındakı canlıların həyat sahələri məhv edilir. Bu da okeanlara ciddi zərər vurur".

1 200-dən çox canlı növünün tədqiq edildiyi araşdırmada o da məlum olub ki, ovçuluq fəaliyyətinin həddindən artıq olması və iqlim dəyişikliyi də dəniz canlılarının sayının azalmasına təsir göstərir. Həmçinin, okeanların havadan sovurduqları karbondioksid sularda turşu miqdarının yüksəlməsinə və bunun da su altındakı canlı növlərinə zərər verdiyi qeyd edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi