“Azərbaycan hökuməti öz üzərinə iddialı öhdəlik götürüb: atmosferə istixana qazı emissiyalarını 40 % azaltmağı planlaşdırır”.
Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının milli əlaqələndiricisi, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammiti zamanı “Report”un sualını cavablandırarkən deyib.
“İndi söhbət bütün ölkələrin tullantıları azaltmaq üçün daha iddialı öhdəliklər götürməsindən gedir. Digər məsələ isə uyğunlaşma ilə bağlıdır. Biz yeni iqlimə uyğunlaşmalıyıq”, - o qeyd edib.
Onun sözlərinə görə, hazırda anomal hava hadisələri daha tez-tez baş verir:
“Bəzən bu hadisələr bəzi regionlar üçün xarakterik deyil. Onlar mövsümdən kənar müşahidə olunur, intensivlikləri baxımından da xarakterik deyillər. Tamamilə qeyri-adi proseslər baş verir. Yəni doğrudan da artıq iqlim dəyişib... Bəs bununla bağlı nə etmək olar? İki yol var. Alimlər hesab edirlər ki, atmosferə atılan istixana qazlarını azaltmaq lazımdır. Üstəlik, 2030-cu ilə qədər qlobal emissiyalar 40 %-dən çox azalmalıdır. Bununla bağlı müxtəlif rəqəmlər var: 42 %-dən 47 %-ə qədər. Yalnız bu halda qlobal temperaturun artımını 1,5 dərəcədən aşağı saxlamaq mümkün olacaq”.
U.Tağıyeva bildirib ki, dünya alimlərinin hazırladığı iqlim ssenarilərinə əsasən, əgər temperatur 1,5 dərəcədən çox qalxarsa, o zaman iqlimdə çox ciddi dəyişikliklər baş verəcək.